BAKI, 4 mart — Sputnik. "Əgər Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankın kölgəsi olmayacaqsa və Mərkəzi Bank tərəfindən idarə edilməyəcəksə, bu, bank sistemində müsbət dəyişiklərə gətirib çıxaracaq".
Sputnik xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, Direktorlar Şurasının üzvləri ictimaiyyətə açıq olmalıdır və ilk növbədə inam yaratmaq lazımdır ki, insanlar, əmanətçilər bu islahatları dəstəkləsinlər.
Qüdrət Həsənquliyev əmanətçiləri narahat edən digər məsələyə də toxunub: "İnsanlar banklara pul qoyurlar. Faktiki bank müflis olunub, amma müflis olunmuş bank kimi tanınmır. Bu proses bəzən uzun müddət tələb edir. Vətəndaşlar bundan xeyli əziyyət çəkirlər".
Deputatın sözlərinə görə, hökumət nə qədər uğurlu qərarlar qəbul edirsə etsin, əgər xalq, insanlar, iş adamları buna inanmayacaqsa, etimad göstərməyəcəksə, vəziyyətdən çıxmaq çətin olacaq: "İnsanları iqtisadiyyatın yenidən qurulması prosesinə cəlb etmək lazımdır. Sahibkarların təşəbbüskarlığını artırmaq lazımdır. Əsas məsələ inam məsələsidir. Maliyyə Bazarlarına Nəzarət Palatası ictimaiyyət ilə işləməlidir. Hesab edirəm ki, yeni yaradılmış qurum etimadı doğruldacaq".