BAKI, 4 mar — Sputnik. "Əhməd Davudoğlunun İran səfərindən ciddi nəticə çıxacağına inanmıram". Bunu Sputnik-ə açıqlamasında Türkiyənin Strateji Baxış İnstitutunun (SBİ) rəhbəri Yusuf Çınar deyib.
Çınarın sözlərinə görə, Türkiyə və İran Suriya və İraq mövzusunda fərqli düşünsələr də, bu iki ölkənin sabitliyə qovuşa bilməsi Ankara ilə Tehranın uzlaşmasından asılıdır: "Xüsusilə ABŞ-ın Türkiyəyə İranla daha yaxın əlaqə qurulmasını tövsiyə etməsi və dərhal sonra bu səfərin reallaşması Suriyada davam edən atəşkəsin möhkəmlənəcəyi təəssüratını yaradır".
Politoloqun fikrincə, bu cür səfərlər iki ölkənin daha da yaxınlaşmasını təmin edə bilər: "Mənim fikrimcə, hər iki ölkə Suriya və İraq mövzusunda fərqli yanaşmalarını davam etdirəcək. Bu görüşdən qarşılıqlı məsləhətləşmələrdən başqa bir nəticə çıxacağını düşünmürəm".
Bununla belə, Y. Çınar hesab edir ki, bu cür danışıqlar iki ölkə arasında ünsiyyət kanallarının açıq qalmasını təmin edə və gələcəkdə ehtimal olunan yanlış anlaşılmaların önünə keçə bilər: "Ən əhəmiyyətlisi də odur ki, Türkiyə və İran bir-birilərinə daha da yaxınlaşa bilər".