BAKI, 3 mart — Sputnik. "Dünya bazarlarında dolların möhkəmlənməsi prosesi müşahidə edilməkdədir. Bu, həm ABŞ Mərkəzi Bankının uçot dərəcəsinə yenidən baxacağına dair məlumatların yayılması, həm də Avropa Mərkəzi Bankının yeni emissiyalar edəcəyi ilə bağlı aparılan müzakirələr ilə bağlıdır. Bu, eyni zamanda, ABŞ-ın iqtisadiyyatı ilə bağlı göstəricilərin müsbət olması ilə əlaqədardır. Son göstəricilər göstərir ki, ABŞ-da iqtisadiyyat stabildir. İqtisadiyyatın stabil olması da dolların mövqeyinə təsir göstərir".
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, dolların avroya nisbətən qiymətində artımlar müşahidə olunur: "Nəzərə alaq ki, yanvar ayının sonlarından başlayaraq, xüsusən fevral ayında avronun məzənnəsinin möhkəmlənməsi müşahidə olunurdu. Amma artıq fevral ayının sonundan avronun zəifləməsi, dolların möhkəmlənməsi müşahidə olunur. Son 1 həftədə dollar aparıcı valyutalara nisbətən təxminən 4 faiz dəyər qazanıb".
Ekspert bildirib ki, dollar möhkəmləndikcə Azərbaycanda da dollara tələb artır: "Əslində son günlər dünya bazarında dolların möhkəmlənməsi eyni zamanda, Azərbaycan manatının zəyifləməsinə gətirib çıxarıb. Əgər dollar möhkəmlənəcəksə, bu proses davam edəcəksə, eyni zamanda, ABŞ-ın Mərkəzi Bankı uçot dərəcəsinin qaldırılması ilə bağlı qərar qəbul edəcəksə, o zaman bu, Azərbaycan manatına təzyiqi gücləndirəcək".
"Bu proses ölkə daxilində də dollara olan tələbin artmasına səbəb olacaq. Bu da Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Bütün hallarda Azərbaycan dünya bazarında baş verənlərdən kənarda deyil", —deyə V. Bayramov qeyd edib.
Ekspert əlavə edib ki, Azərbaycan ixracatının artması və ölkəyə daxil olan valyuta həcminin çoxalması olduqca vacibdir. Bu, manatın məzənnəsinin müəyyənləşdirilməsi baxımından mühümdür.
Bu arada ABŞ-da fevral ayında özəl sektorda məşğulluq göstəricisi artıb. Dünən açıqlanan məlumatlara görə, fevral ayında özəl sektor daha 214 min insana iş imkanı yaradıb. 45 iqtisadçının proqnozu isə 190 min nəfər idi. Proqnozlar 160 min ilə 237 min arasında dəyişirdi. Bu məlumatlardan sonra gözlər fevral ayı üçün açıqlanacaq ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisinə yönəlib. Məşğulluğun 195 min artması, işsizlik nisbətinin isə 8 ilin ən aşağı səviyyəsi olan 4.9 faizdə qalması gözlənilir. ABŞ-ın Federal Ehtiyat Sisteminin mütəxəssisləri məşğulluq bazarında davamlı inkişafın davam etdiyini bildirmiş, dekabr ayında uçot dərəcəsinin qaldırılmasında bu güclənməni səbəb olaraq göstərmişdi.
İqtisadçı Mark Zand deyib ki, qlobal maliyyə bazarlarındakı dəyişikliklərə baxmayaraq ABŞ-da məşğulluq yüksək səviyyədə qalmaqda davam edir. Enerji və istehsal sektoru məşğulluq bazarına mənfi təsir göstərsə də, digər sektorlar məşğulluq bazarına dəstəyi davam etdirir. Tam məşğulluğa sürətlə yaxınlaşılır.
ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisinin açıqlanması, gələn həftə Avropa Mərkəzi Bankının (ECB) növbəti iclasının keçirilməsi, martın 16-da ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclası, Yaponiya Mərkəzi Bankının (BOJ) martın 15-də qərarının açıqlanması, Yaponiyada fiskal maliyyə ilinin sonu olması səbəbindən dəyişikliklərin gözlənilməsi və bir çox neft hasilatçısı ölkələrinin neft bazarının tənzimlənməsi ilə bağlı görüşləri valyuta bazarının diqqət mərkəzinə çevrilməsinə səbəb olacaq.
Martın 5-də iqtisadçılar məşğulluq göstəricisinin 195 min nəfər artmasını proqnozlaşdırır. Bu, yanvardakı 151 min nəfərlik artımdan 29% çoxdur. Belə olduğu halda, FES-in mart iclasında uçot dərəcəsini artıracağı ehtimalı yüksəlib ki, bu da dolların güclənməsinə, digər aktivlərin kəskin ucuzlaşmasına səbəb olacaq. İnvestorların dolların möhkəmlənməsindən daha da əmin olması üçün xidmət sektorunda aktivlik indeksinin yüksək çıxması və əmək haqlarının artımı göstəricisi xüsusi əhəmiyyət kəsb edir.
Dolların möhkəmlənməsinə digər səbəb də ECB-nin uçot dərəcəsini azaltması fonunda avronun zəifləməsi ola bilər. Belə ki, Avrozonada son inflyasiya göstəricilərinin proqnozlardan aşağı olması ECB-ni monetar ekspansiyanın həcmini artırmağa məcbur edir. Bu da avronun zəifləməsinə gətirib çıxaracaq.
Yaponiya iqtisadiyyatının zəif inkişafı BOJ-un uçot dərəcəsini mənfiyə endirməsinə səbəb olub. BOJ-un qısa zamanda iqtisadi artımı və inflyasiyanı yüksəltmək üçün monetar ekspansiya həyata keçirməsi gözlənilir ki, bu da yenin məzənnəsinin azalmasına səbəb olacaq.