Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Devalvasiya gözləntisi var, insanlar əmanət qoymaqda maraqlı olmayacaq"

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Samir Əliyev: İstiqrazların illik faiz dərəcəsi aşağı salınmalıdır. Əks halda əhali pulunu əmanət şəkildə banklara qoymaqdansa gedib elə dövlətin istiqrazlarını alacaq.

Devalvasiya gözləntisi var, insanlar əmanət qoymaqda maraqlı olmayacaq
Martın 1-də prezident İlham Əliyev əmanətlərin tam sığortalanması barədə qanunu təsdiqləyib. Qanunla əhalinin banklara qoyulan əmanətləri üç il müddətinə tam şəkildə sığortalanır. İndiyədək bu məbləğ 30 min manat idi. Tam sığortalanma 12 faizədək qoyulan əmanətlərə aid ediləcək. İlk devalvasiyaya qədər banklar xarici valyuta ilə, xüsusilə dollarla əmanətlər üzrə faiz dərəcəsini 14 faizədək yüksəltmişdilər. Son zamanlaradək dollarda yerləşdirilən əmanətlər illik 2-8 faizlə qəbul edilirdi.

Bununla bağlı suallarımızı iqtisadçı ekspert Samir Əliyev cavablandırıb.

- Qanunun qəbulu ilə bu sahədə olan problemləri həll etmək mümkün olacaq?

— Bu qanun qəbulu düzgün addımdır. Hələ bir qədər də gecikdi. Yaxşı olardı ki, bu qanun devalvasiya ərəfəsində qəbul olunardı. Yaxud da devalvasiyadan əvvəl olsaydı, bu gün əmanət bazarında əmənatlərin də geri çəkilməsi hadisəsi baş verməzdi. Ona görə bu qanunu bir qədər gecikmiş hesab edirəm. Hazırda dollar əmanətləri olan insanlara bir qədər rahatlıq gətirəcək. Çünki ilk devalvasiyadan əvvəl təxminən 35-36 min dollar kompensasiyaya düşürdü. Amma, dünənə qədər artıq 19 min dollara qədər düşmüşdü. Təsəvvür edin ki, vaxtilə 30 min dollar qoyan insan düşünürdü ki, onun bütün əmanətləri tam kompensasiya olunur. Ancaq, devalvasiyadan sonra kompensasiya məbləği 19 min dollara düşdüyünə görə artıq burada 11 min dollar itirmək problemi ilə üzləşmişdi. Qanunun gecikdiyini ona görə deyirəm ki, artıq dollarla əmanətləri olan insanlar öz əmanətlərini çəkmişdilər. Manatla olanlar devalvasiyaya görə dollara çevirirdi, üstəgəl dollar əmanət sahibləri də məhz bu kompensasiyaya görə qorxurdular. Çünki, bu ərəfədə bilirsiz ki, bir neçə bank bağlandı. Bir neçəsi də bağlanmaq üzrə idi. Ona görə də belə bir gərginlik yaranmışdı. Bu qanunun qəbulu isə əmanətçilərə xeyli rahatlıq verəcək. Artıq insanlar əmin olacaq ki, onların əmanətinə dövlət 100 % təminat verir. Bu baxımdan mən bunu normal dəyərləndirirəm. Burada iki üstün məqam var. Onlara diqqət yetirmək istəyirəm. Yeni qanun yüksək faizlə qəbul edilən köhnə əmanətlərə də şamil edilir. Misal üçün, dollar əmanətçiləri var idi ki, illik 10-12 fazilə əmanət yerləşdirmişdilər. Bu indi 3 faizə salınıb. Amma, bu o demək deyil ki, 10-12 faizlə yerləşdirilən dollar əmanətləri bu kompensasiyaya düşmür. Onlarda düşür. Söhbət 1 mart 2016-ci ildən sonra yerləşdirilən əmanətlərdən gedir. Yəni ondan sonrakı əmanətlərə 3 faiz tətbiq edilir. 

İkinci əsas məqam: əmanət illik sığorta faizindən yüksək fazilə yerləşdirilibsə və həmin şəxs öz əmanətini sığortalanmış əmanətlər sırasına daxil etmək istəyirsə, qanun imkan verir ki, müqavilə şərtlərinə təzədən baxılsın, bank müqavilə şərtlərini dəyişsin və həmin əmanətin faizini təzədən aşağı salsın, bununla da həmin əmanət sığortalanmış olsun. Bu özü də bir üstünlükdür. Çünki, biz bilirik ki, kimsə əmanət yerləşdiribsə gedib o əmanət şərtini dəyişirsə, bu halda əmanətçidən cərimə tutulur. Buna görə də heç kim əmanəti dəyişməkdə maraqlı deyildi. Amma, qanunda bu göstərilib ki, əgər dəyişirsə həmin tarixə olan faizlər əmanətçidən geri alınmır. Əmanətçiyə qaytarılır. Təbii ki, bu qanunun ikinci müsbət cəhətidir. Ancaq, bununla yanaşı paralel olaraq digər addımlar da atılmalıdır. Əks halda bu qanunun effekti gözlənilən həddə olmaya bilər.

- Bəs qanun gələcəkdə əmanət bazarının inkişafına və bankların dayanıqlığına necə təsir edəcək?

— Tam sığortalanma üç illik nəzərdə tutulub. Ola bilsin üç ildən sonra hökümət tam sığortanı geri çəkə bilər. Yenidən kompensasiya məbləğinə qayıda bilər. Tam sığortalanmada gələcəkdə bu, təkmilləşdirilməlidir. İndi limit yoxdur. Bu o deməkdir ki, indiki vəziyyətdə əmanət bazarından əhalinin qaçmasının qarşısını alacaq. Əhali əmanətlərini yerləşdirməyə başlayacaq. Bu bunun müsbət tərəfidir. Mənfi tərəfi isə o ola bilər ki, bank sektorunda konsentrasiya güclənəcək. Bu o deməkdir ki, əhali aparıb böyük məbləğdə pulu güclü banklara qoyacaq. Yəni kiçik banklar əmanətsiz qalacaq. Digər tərəfdən əgər hökümət əmanət bazarının inkişaf etməyini istəyirsə, başqa addımlar da atmalıdır. Bu addımlardan biri də istiqrazlardır. Yüksək faizlə buraxılan dövlət istiqrazları əmanət bazarına mənfi təsir edir. Bunlar əmanət bazarı üçün çox böyük problem yarada bilər. Bankları bazardan sıxışdırıb çıxara bilər. Ona görə də istiqrazların illik faiz dərəcəsi aşağı salınmalıdır. Əks halda bu ona gətirib çıxarar ki, əhali pulunu əmanət şəkildə banklara qoymaqdansa gedib elə dövlətin istiqrazlarını alacaq. Bilirlər ki, onun arxasında dövlət dayanır. Digər tərəfdən biz bilirik ki, dollar əmanətləri 3 faizə endirilib. Düşünürəm ki, bu çox aşağı həddir. Yəni manat üzrə sığorta faizini 15 faizi qaldırılsa yaxşı olar. Çünki bu gün 12 faizlə heç kim manat əmanəti qoymur. Dollar üzrə sığorta faizi isə 3 fazidən 6 faizə qaldırılsa yaxşı olar. 3 fazi insanlara sərf etmir. 

- Əmanətlərin tam sığortalanması barədə qanun vətəndaşların banklara etibarını artıracaq?

— Bu fondun yaranmasının əhalinin banklara etimadının artmasında rolu olub. Ancaq, çox təəssüf ki, bu mexanizm özü də tam təkmil deyil. Yəni onun təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Bizdə elə bir situasiya yarandı ki, banklar əmanəti qaytara bilmir. Əmanəti əmanətlərin sığortalanması fondunun qaytarması üçün sığorta hadisəsi baş verməlidir. Sığorta hadisəsi də o deməkdir ki, bank bağlanmalıdır. Bizdə nə baş verirdi? Mərkəzi Bank “Bank of Azerbajan”ı bağlamırdı ki, sığorta hadisəsi baş versin və əhalinin əmanətlərini qaytarsın. Eyni zamanda AMB bankı öz başına buraxmışdı, bankda əhaliyə əmanətləri qaytarmırdı. Bu isə son nəticədə vətəndaşlarda sığorta mexanizminə bir inamsızlıq yaradır. Əmanətlərin sığortalanması fondunun səlahiyyətləri bir qədər artırılmalıdır. Fondun banklara nəzarət imkanları artırılmalıdır ki, problemlər yaranmasın. “Texnika bank” bağlananda fikir verdizsə fond açlqlama verdi ki bizə verilən məlumatdan daha çox əmanət var. Bu sığortalanma sistemini təkmil olmamasının göstəricisi idi. Oxşar problemlər gidər banklarda da var. Belə hallardan qaçmaq üçün hökümət sığortalanma mexanizmini təkmilləşdirməlidir. Fondun səlahiyyətləri artırılmalıdır. Ən əsası fondun bankların depozit sisteminə sərbəst çıxışını təmin etməlidir. Eyni zamanda yaxşı olardı ki, əmanətlərin sığortalanması sisteminin elektron bazası yaradılsın. Elektron bazası o deməkdir ki, öz əmanətini yerləşdirmiş şəxs həmin bazaya sərbəst şəkildə daxil olaraq görə biləcək ki, onun əmanətləri qorunur yoxsa yox. Mən düşünürəm ki, belə bir elektron bazanın yaradılması işin xeyrinə olardı. 

- Sizcə, vətəndaşlar bundan sonra banklarda əmanət yerləşdirməkdə maraqlı olacaqlar?

— Mən birbaşa demirəm ki, bundan sonra banklarda kütləvi şəkildə əmanət yerləşdirəcəklər. Çünki, burada banklardan asılı olmayan səbəblərdə var. Nə qədər ki, insanlarda devalvasiya gözləntisi var, onlar manatla əmanət qoymaqda maraqlı olmayacaqlar. Tərəddüd edəcəklər. Bax bu amillər əmanət qoyuluşuna problem yarada bilər. Dollarla isə faizin aşağı olması insanları çəkindirəcəkdir. O baxımdan bu qanundan sonra güclü əmanət axını gözləmirəm. Amma, istənilən halda əmanət bazarında bankların xeyrinə müəyyən bir canlanma ola bilər.

Xəbər lenti
0