BAKI, 29 fev – Sputnik. Çinin Huaian şəhərində ümümdünya intellektual oyunları çərçivəsində keçirilən şahmatın rapid növü üzrə yarışlar başa çatıb.
Şahmat federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sonuncu turda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Kuba şahmatçısı Perez Liner Domingeslə xalları yarı bölərək aktivinə 5 xal yazmağa nail olub. Beləliklə, 7 turdan 5 xal toplayan həmyerlimiz taybrekdə ukraynalı Ruslan Ponamaryovu məğlub edərək qızıl medal qazanıb.
Yarışda ölkəmizi təmsil edən digər idmançı Rauf Məmmədov isə aktivinə 3.5 xal yazaraq 8-10-cu yerləri bölüşdürüb.
Qeyd edək ki, yarışda Şəhriyar Məmmədyarov və Rauf Məmmədovla yanaşı dünyanın 14 güclü şahmatçısı — Y.Tomaşevski (Rusiya), Din Lijen, Li Çao, Van Xao, Van Yue (Çin), V.İvancuk, R.Ponomaryov (Ukrayna), P.Xarikrişna (Hindistan), Q.Sarqissyan, S.Movsesyan (Ermənistan), L.Dominges (Kuba), L.Fressine (Fransa), D.Navara (Çexiya), R.Voytajek (Polşa) iştirak edir.