“Azəryol” komandası qadın voleybolçular arasında İtaliyanın “Novara” klubuna qalib gələrək CEV kubokunun “Çelenc raund” mərhələsinin yarımfinalına yüksəlib. “Azəryol”un məşqçisi Ziya Rəcəbov Sputnik-ə müsahibəsində klubun keçdiyi yol, qarşıdakı oyunlar və ümumilikdə voleybol haqqında fikirlərini bölüşür.
- Yarış haqqında ilk təəsüratlarınız…
— Yarışın sonunda özümdə deyildim. Heç bilmədim sonuncu qol necə vuruldu. Yıxılmışdım yerə. İtaliya kimi ölkədə səfərdə oynamaq çətin idi. Orda tamaşaçı dəstəyi çox böyükdür. Bəxtimiz gətirdi. Bizim oyun zamanı “Yuventus”un da oyunu vardı. Azarkeşlər az gəlmişdi. Cəmi 3000 nəfər var idi. Üstəlik səsgücləndiricilərdən istifadə etmələri, qışqırmaqları idmançılara psixoloji təsir edirdi. Amma qızlar özlərini itirmədi, sona kimi mübarizə apardılar. Bir faktı da deyim. Biz İtaliyaya gedəndən təziqlərə məruz qaldıq. Deyilənə görə italyan mafiyası bunu edirdi. Avtobusu gecikdirdilər, yolumuzu kəsdilər. Bizə psixoloji təsir göstərirdilər ki, məğlub olaq. Hətta məşq zamanı lazım olan idman əşyalarını bizə vermirdilər. Məşq üçün bizə keyfiyyətsiz top verdilər.
Biz italyanlar Bakıya gələndə onlara hər çür şərait yaradırdıq ki, özlərini qonaq kimi hiss etməsinlər. Amma orada tam əksinin şahidi olduq.
Hakimlər çox haqsızlıqlar etdilər. Bəlkə də bilərəkdən canlı yayım vermədilər, axı bu qədər haqsızlıqlar vardı. Buna dözməyib artıq dizimi yerə qoyub hakimlərə yalvarırdım ki, düzgün qərar verin.
Bu qədər haqsızlıqlara baxmayaraq, qələbə qazana bildik.
— Əvvəl oğlanlara məşq keçmisiniz, indi qızlara məşqçilik edirsiniz. Hansı daha çətindir?
— İkisi də çətindir. Əlbəttə qızlarla işləmək çətindir. Qızların psixologiyası elədir ki, hamısı ilə bir-bir diqqət yetirməlisən, problemlərini öyrənməlisən. Qışqırmaq olmur üstlərinə, tez küsürlər. Oğlanlarda belə deyil. Nə deyirsən edirlər. Bir sözlə qız idmançılarla işləmək üçün psixologiyanı yaxşı bilmək lazımdır.
- Azərbaycanlı qız idmançılar çox azdır. Bir məşqçi kimi bu sizi narahat etmir?
— Mənim özümün 2 qız övladım var. Çox istərdim ki, onlar böyüyəndə həvəsləri olarsa voleybolçu olsunlar. Bu idman xanımlar üçün çox gözəldir. Həm formada olursan, həm qamətin gözəl olur. Bir sözlə sağlam olursan.
Təəsüflər olsun ki, Azərbaycanda, xüsusilə şəhər qızlarının boyları balaca olur. Günü-gündən cılızlaşma gedir. Amma rayonlarda hündürboylu qızlar var. Onlar da məşqlərə gəlmir, ya həvəsləri olmur, ya da evdən qoymurlar. Ona görə əlacımız kəsilir, Ukraynadan, Rusiyadan transfer edirik.
- “Azəryol”da azərbaycanlı idmançı var?
— Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova. Hətta bizim klubun gənc azərbaycanlı idmançıları var ki, onları “Gənclik” klubuna icarəyə vermişik.
- Yarımfinaldan nə gözləyirsiniz?
— Rusiya “Krasnodar”ı ilə qarşılaşacağıq. Güclü klubdur, lakin məğlubedilməz komanda yoxdur. Bizim klub yarananda bu qədər uğur qazanacağımıza inanmırdıq. Deməli zəhmət çəkəndə, işləyəndə, komanda olanda uğur qazanmaq asan olur. Bütün komanda olaraq birləşib uğur qazanırıq. Biz kiçik büdcə ilə böyük iş görmüşük. Uğur qazanamağa çalışacağıq. Bu dəqiqə əsas məqsədimiz CEV kubolunda uğur qazanmaqdır. Bütün gücümüzü ortaya qoymalıyıq.