BAKI, 26 fev-Sputnik. "Hər kəsə, bütün namizədlərə təşəkkür edirəm".
Sputnik Apasport-a istinadla xəbər verir ki, bu sözləri FİFA-nın yeni seçilmiş prezidenti Cianni İnfantino deyib.
Bu gün keçirilən seçkilərdə qalib gələn isveçrəli futbol funksioneri ilk çıxışında islahatlardan bəhs edib: "FİFA-dakı demokratiyanın nəticəsi olaraq burdayam. Bu, bir idman yarışıdır. Sizlərlə birlikdə işləməyə davam edəcəm. FİFA-nı yenidən, birlikdə inşa edəcəyik. Bundan sonra sadəcə futbol üzərindən danışacağıq. Çətin vaxtlar geridə qaldı. İndi islahatları həyata keçirmək zamanıdır. FİFA-nın yenidən layiq olduğu hörməti qazanması üçün əlimizdən gələni edəcəyik".
İnfantinonun bəhs etdiyi 5 maddəlik islahatlar aşağıdakılardır:
1. Bundan sonra FİFA rəhbərliyinin maaşları açıqlanacaq.
2. Siyasi və idari mövzular bir-birindən ayrılacaq.
3. Yeni bir FİFA konqresi formalaşdırılacaq.
4. Qadınların futbol dünyasında daha ön plana çıxmasına şərait yaradılacaq.
5. İnsan haqqları mövzusuna həssas yanaşılacaq.