Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İslam bankçılığı xristian ölkəsi olan Britaniyada daha geniş yayılıb

© halaltimesBritaniya İslam Bankı
Britaniya İslam Bankı - Sputnik Azərbaycan
Abunə olmaq
Əkrəm Həsənov: Azərbaycanda İslam bankçılığının inkişafı üçün ilk növbədə qanunlar və sahibkarlığın şəffaflaşması lazımdır.

BAKI, 26 fev — Sputnik. İslam bankçılığı ilə ənənəvi bankçılığın fərqi nədir?Azərbaycanda İslam bankçılığı inkişaf edə bilərmi?

İslam bankçılığı ilk dəfə 1970-ci illərdə ortaya çıxıb. Bunun səbəbi də neftin qiymətinin qalxmasından sonra Körfəz ölkələrində sərmayənin artması, yığılması olub.

Bu tarixdən etibarən, dünyada İslam bankçılığı yayılıb. İslam bankçılığının başladığı yer isə İran körfəzi regionu olub.

İslam bankları hazırda dünyanın ən sağlam bankaları arasında yer tutur və maliyyə böhranı onlara çox da təsir etməyib (wikipedia.org).

Bu gün dünyada İslam bankçılığı ənənəvi bankçılığdan daha sürətlə inkişaf edir

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, bu gün dünyada İslam bankçılığı ənənəvi bankçılıqdan daha sürətlə inkişaf edir. Çünki, ənənəvi bankçılıqdan fərqli olaraq, İslam bankçılığı sələmçilik deyil, investisiya prinsipləri üzərində qurulub. Yəni, borcverən, vəsaitverən, investor işin şəffaf olmasında maraqlıdır. Burada korrupsiya daha azdır.

Qeyri-şəffaf şəraitdə İslam bankçılığı inkişaf edə bilməz

Ekspert bildirib ki, bu gün Azərbaycanda İslam bankçılığı iki məsələyə görə yoxdur. Birincisi, bu sahə ilə bağlı qanunvericilik bazası yoxdur. İkincisi, sahibkarların, şirkətlərin fəaliyyəti qeyri-şəffafdır: "Qeyri-şəffaf şəraitdə İslam bankçılığı inkişaf edə bilməz. Misal üçün, ənənəvi bankçılıqda bank sahibkara kredit verir, sahibkar müflis olsa belə, bank deyir ki, krediti, o kredit üzrə faizləri qaytar. Amma İslam bankçılığında başqa prinsipdir. Yəni, bank krediti verəndə, tutaq ki, sahibkara 100 min manat kredit verir, bu zaman ondan heç bir faiz tələb etmir. Amma bank deyir ki, kreditimdən istifadə etdiyin dövrdə əldə etdiyin gəlirin müəyyən hissəsi mənimdir. Misal üçün, əgər gəlir varsa, onun 20 faizi mənimdir. Gəlir yoxdursa, mənim deyil. Bu prinsiplə hərəkət etdiyi üçün bank daim sahibkara nəzarət edir, onu monitorinq edir. Sahibkar məcburdur ki, şəffaf fəaliyyət göstərsin".

Əkrəm Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Əhalinin banklarda əmanət qoymasına çalışırlar, amma çətin ki..."

Fəaliyyət şəffafdırsa, gəlirlər tam açıqlanırsa, vergi də çox tutula bilir

Ə.Həsənovun sözlərinə görə, İslam bankı tələb edir ki, şəffaf işləməlisən, gəlirlərini tam göstərməlisən: "Hətta İslam bankları böyük layihələr üzrə həmin sahibkarın idarəetmə orqanında bir işçisini də təyin edir ki, ona daim nəzarət etsin. Belə olan halda dövlət udur. Çünki, fəaliyyət şəffafdırsa, gəlirlər tam açıqlanırsa, vergi də çox tutula bilir. Eyni zamanda, bank, sahibkar da qazanır. Amma ənənəvi bankçılıqda belə deyil. Əgər sahibkar müflis olarsa, bank deyir ki, məni bu maraqlandırmır, kreditmi qaytar".

İslam bankçılığının ən geniş yayıldığı ölkə Böyük Britaniyadır

İstənilən cəmiyyətdə dinlə məşğul olan insanların mövcudluğunu vurğulayan ekspert, İslam bankçılığının daha çox xristian ölkəsi olan Britaniyada yayıldığına da diqqət çəkib: "Dinlə məşğul olan adamlar bəzən ənənəvi banklara pullarını etibar etmirlər, əmanət kimi saxlamırlar, köçürmələr etmirlər, oradan kredit götürmürlər. Halbulki götürsəydilər, hansısa gəlir əldə edə bilərdilər. Deməli, bu cür insanların pulları bank sistemindən kənarda qalır. İslam bankçılığı isə onların pullarını da dövriyyəyə gətirir. Dövlət bundan udur. Yəni, heç də təsadüfi deyil ki, dünyada İslam bankçılığının ən geniş yayıldığı ölkə Böyük Britaniyadır. Baxmayaraq ki, İslam ölkəsi deyil".

Azərbaycanda bunun inkişafı üçün qanunlar lazımdır

Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda İslam bankçılığının inkişafı üçün öncə qanunlar lazımdır: "Əvvəla bizdə müvafiq qanunlar yoxdur. Hətta, bizim qonşu ölkələrdə, Qazaxıstanda, Qırğızıstanda bu sahədə qanunlar mövcuddur, İslam bankçılığı tənzimlənib. İkincisi, bizdə sahibkarlıq şəfafflaşmalıdır. Bu olsa, İslam bankçılığı da inkişaf edə bilər".

Azərbaycan hökuməti İslam İnkişaf Bankı (İİB) ilə ölkədə İslam bankçılığı alətlərinin tətbiqini müzakirə edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. Onun sözlərinə görə, İİB Azərbaycana bu məqsədlə texniki yardım göstərməyə hazırdır: "Demək istəyirəm ki, biz modelimizin layihəsinin ilkin çərçivələrini artıq formalaşdırmışıq. İİB-in və digər ekspertlərin cəlb edilməsi ilə bu sistemi Azərbaycanda tətbiq edə biləcəyik".

S.Babayev qeyd edib ki, Azərbaycanda İslam bankçılığı modelinin tətbiqinin dəqiq tarixini demək çətindir: "Bu, yeni sistemdir və xüsusi qanunvericiliyin, qaydalar toplusunun hazırlanmasını və s. tələb edir".

Xəbər lenti
0