BAKI, 24 fev-Sputnik. Bir neçə gün öncə Azərbaycan Kikboksinq Federasiyasının üzvü, ikiqat Azərbaycan Çempionu Elmir Cəlilov öldürülüb. Faktla bağlı cinayət işi açılıb. Kikboksinq Federasiyasının idmançı və məşqçiləri, eyni zamanda mərhum idmançının yaxın dostu Elmir Cəlilovla bağlı xatirələrini Sputnik-lə bölüşüblər.
"Elmir qanacaqlı, öz yerini bilən bir qardaş idi. Belə bir dostu itirmək çox ağırdır. Elmir həm sinif yoldaşım olub, həm də ailəvi dost olmuşuq. Onun haqqındakı bu qəfil xəbər mənə çox təsir edib. Allah ailəsinə səbr versin!" — deyə Elmirin sinif yoldaşı və ailəvi dostu Ramal Amanov bildirib.
Məşqçi və Elmir Cəlilovun dostu Anar Məmmədov isə deyib: "Elmir uşaqlıqdan kikboksla məşğul olurdu. 2000-ci illərdən artıq öz çəkisində şəhər və region yarışlarında sözünü deyirdi. Və 2002-ci ildə ilk dəfə 63.5 kq çəki dərəcəsində Azərbaycan çempionu oldu. 2003-cü ildə 71 kq çəki dərəcəsində ikinci dəfə Azərbaycan çempionu adını qazandı. O, çox perspektivli idmançı, gözəl dost, yaxşı qardaş idi. 2006-cı ildə ailə qurmuşdu. İlk oğlan övladı hazırda 2-ci sinifdə oxuyur. İkinci övladı qızdır. Üçüncü övladı da bu yaxınlarda dünyaya gəlməlidir. Çox təəssüf ki, atasını heç vaxt görməyəcək."
Anar Məmmədov həmçinin deyib ki, Elmirin olümünə heç kim inanmır. "Onu torpağa tapşıranda 500-ə yaxın dost —tanışı, qohum-əqrəbası və ən əsası da idman yoldaşları var idi. Elmirin ailəsinə səbr, özünə isə Allahdan rəhmət diləyirəm" — deyə A.Məmmədov bildirib.
"Allah rəhmət eləsin. Məkanı cənnət olsun. İki qat Azərbaycan çempionu Elmir Cəlilov mərifətli, tərbiyəli, nizam- intizamlı idmançı olub. Çox üzüldük. Kaş ki, belə hadisələr yaşanmasın. O idmançıları yetişdirmək üçün illərlə vaxt lazım olur. Biz yetişdiririk ki, düşmən qabağına, erməni qarşısına çıxardaq. Yoxsa kiminsə qəfil gülləsinə tuş gəlməyi bizi çox məyus etdi.
Kədərliyik, üzüntülüyük, ailəsinə və yaxınlarına Kiqboksinq Fedarasiyasi adından Allahdan səbr diləyirik." Bu sözləri isə Kikboksinq Federasiyasının vitse- prezidenti Güloğlan Cabbarov deyib.
Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev də öz rəsmi facebook səhifəsində mərhumun ailəsinə başsağlığı verib. "Kikboks ailəsinə böyük itki üz verib. Azərbaycan Kikboksinq Federasiyasının üzvü, ikiqat Azərbaycan çempionu Elmir Cəlilov dünyasını dəyişib. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm." — Adil Əliyevin başsağlığı mesajında bildirilir.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Elmir Cəlilovun Gəncədə törədilən qətlilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bu qətlin üstü "İsti izlər"lə açılıb. Fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanlb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil verib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.