BAKI, 23 fev-Sputnik. Azərbaycan Real Aykido (Japanese: 合気道 Hepburn: Aikidō) Federasiyasının prezidenti Fariz Abdullayev Sputnik-in əməkdaşına fevral ayının sonlarında Serbiyaya işgüzar səfərə getdiyini açıqlayıb. Səfərdə gözlənilən yeniliklərdən danışan Fariz Abdullayev deyib: "Real Aykido sahəsində nailiyyətlərimiz adətən sürpriz kimi ortaya çıxır. Bu dəfə də dünya Real Aykido Federasiyasının prezidenti Sanja Vracarevic və İqor Petrovic bizə məktub yazdılar. Bizim sosial şəbəkələrdə real aykidonu təbliğimizi çox bəyənirlər və youtube kanalında real aykido ilə bağlı fərqli videolarımızın minlərlə baxışı, birbaşa bu idmanın təbliği olduğundan, Azərbaycan real aikidosu üçün çox işlər gördüyümüzdən, məni Belqrada dəvət etdilər.
Əvvəl düşündüm ki, yəqin beynəlxalq seminar olacaq və mən Azərbaycanı təmsil edəcəm. Sonra öyrəndim ki, seminar deyil sadəcə mən dəvət olunmuşam və Dünya Real Aykido Federasiyasının birinci yığma komandasında məşq edəcəyik, yeniliklərlə geri dönəcəyik. Bu dəfə köməkçim İsrafil Məmmədbəyli ilə gedəcəm. İstəyirəm İsrafil də real aykidonun ustalarını görsün və qarşıda gələn qara kəmər imtahanına uğurla hazırlaşsın. Serbiyadan gözləntilərimiz böyükdür."
Fariz Abdullayev həmçinin ölkəyə yeniliklərlə dönmə ehtimalının böyük olduğunu qeyd edib: "Söhbətlərdən belə anlamışam ki, Vracarevic Bodyguard təlim mərkəzinin Azərbaycanda rəsmi nümayəndəliyini bizə həvalə etmək istəyir. Digər məsələlər bizim üçün də surpriz olaraq qalır. Yenilikləri orada biləcik."
Xatırladaq ki, Vracarevic Bodyguard təlim mərkəzi dünyada məşhur təlim mərkəzidir. Bu mərkəzdə xüsusi özünümüdafiə təlimləri verilir. Bu təlimlərdən sonra insanlar rahat mühafizə, polis və digər sistemlərdə iş tapa bilir.