BAKI, 23 fev-Sputnik. Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
Sputnik xəbər verir ki, iclasda ilk olaraq "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə baxılır. Büdcə müzakirələri zamanı millət vəkili Ziyad Səmədzadə çıxış edərək deyib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin tədiyə balansında Azərbaycana valyuta daxilolmalarının azalmasına səbəb olub. Bu hadisələr Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib. Komitədə büdcəyə dəyişikliklər müzakirə olunub, təkliflər verilib.
Millət vəkili deyib ki, son 15 ildə büdcə gəlirlərinin formalaşmasında problem olmayıb. Bu dövrdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. Büdcəyə dəyişikliklərdə gəlir və xərclərinin artırılması nəzərdə tutulub. Bu dəyişikliklər dünyadakı mövcud reallıqdan irəli gəlir. Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən hadisələr ölkəmizin iqtisadiyyatına təsir edir.
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında 6 məsələyə, o cümlədən, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Qanunlarda dəyişikliklərə baxılır. Bundan başqa, "Polis haqqında" Qanunda dəyişiklik, Z.A.Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında, Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Qanuna Azərbaycan Prezidentinin etirazı barədə qanun layihələri müzakirə ediləcək.
İclasda ikinci oxunuşda "Elm haqqında" Qanun layihəsinə də baxılacaq.