BAKI, 12 fev — Sputnik. Fevralın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Sputnik xəbər verir ki, iclasda ilk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Müzakirələrdən sonra məruzə qənaətbəxş sayılaraq qəbul olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb və qəbul edilib.
İclasda "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik müzakirə edilib. Qanun layihəsində dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülərin buraxılması təklif edilir. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
"Lisenziyalar və icazələr haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə lisenziyaların verilməsini 15 gündən 10 günə, icazələrin isə 7 günədək azalmasını, elektron lisenziyaların verilməsini də nəzərdə tutur. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
İclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi də müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. Qanun layihəsinin məqsədi yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsinə yönəlib.
İclasda "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb və səsə qoyularaq qəbul olunub.