BAKI, 18 fev — Sputnik. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycanda işgüzar səfərdədir. Azərbaycan Xarici İşlər Nazirliyini mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu gün xarici işlər naziri Elmar Məmmədyarov Mevlüt Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələr ətraflı müzakirə olunub, əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsi və bütün sahələrdə nümunəvi tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına, terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. E. Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.