BAKI, 18 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 19-da arabir yağış yağacağı, gecə bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə gecə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.