BAKI, 17 fev — Sputnik. Bir ildə iki dəfə baş verən devalvasiya ölkədə bütün sahələrə öz mənfi təsirini buraxdı. Qida sektorundan tutmuş, geyim, daşınar əmlak və digər sahələrdə 100 faizədək bahalaşma yaşandı.
Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığında yerləşən "Çempion" mağazasında qiymətlər devalvasiyaya görə o qədər bahalaşmasa da, heç köhnə qiymətləri də ucuz sayılmaz. "Adidas" markalı idman geyimlərinin ən ucuz qiymətləri ilə maraqlanırıq. Tək şalvar 60 manatdan başlayır. İdman ayaqqabılarının qiymətləri 70-130 manat civarında dəyişir. İdman ləvazimatlarının qiyməti də orta statistik azərbaycanlının büdcəsini gücə soxacaq həddədir.
"Hələ köhnə mallardır deyə, qiymətlər bahalaşmayıb, əvvəlki qiymətlərlə satırıq. Amma yaxınlarda Türkiyədən yeni mallarımız gələcək, onda məcburən qiymətləri qaldırmalı olacağıq", —deyir söhbətləşdiyimiz satıcı.
Orada olduğum müddətdə bir nəfər belə, müştəri gözə dəymirdi. Satıcı da müştəri qıtlığından gileyləndi. Təbii ki, qiymətləri "od tutub yanan" mağazadan heç nə almayıb çıxdım.
"Sporttech" idman mağazasında da eyni mənzərə müşahidə olunur — müştəri yox, qiymətlər baha. Amma insafla danışsaq, əvvəlki ilə müqayisədə burada qismən ucuzluqdur. Bu dükanda da mallar köhnə qiymətlərlə satılır. Və yeni gələcək malların qiyməti devalvasiya ucbatından baha qiymətə satılacaq.
İdman ölkəsi sayılan Azərbaycanda normal idman geyimi və ayaqqabısı almaq üçün ən azı 130 manat pul lazımdır. Məsələn, tələbənin aylıq təqaüdü isə 58-110 manat arasında dəyişir. Ölkədə orta aylıq əməkhaqqının, təxminən 450 manat olduğunu da nəzərə alsaq, idmanla bağlı arzularımızın reallaşmasının nə qədər çətin olduğu ortaya çıxır.