BAKI, 15 fev — Sputnik. Mərkəzi Bankın qərarı ilə ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin fəaliyyətinin qadağan edilməsi əhali arasında ciddi narazılıqlara səbəb olub. Həftənin şənbə və bazar günləri, həmçinin iş günləri axşam saat 18.00-dan sonra əksər bank filialları işləmədiyi üçün, vətəndaşlar manatda, dollarda, yaxud digər valyutalarda saxladıqları pulları çevirə bilmirlər.
Bununla bağlı artıq Sputnik-in redaksiyasına xeyli sayda vətəndaş müraciət edib. Məsələn, vətəndaş Samir Səlimov "exchange"lərin fəaliyyəti dayandırıldığı üçün, dövlətdən alternativ addım atmağı tələb edib: "Mənə təcili manat lazımdır. Ancaq heç yerdən ala bilmirəm. Banklar bağlıdır. Valyutadəyişmə məntəqələri də işləmir. İndi nə etməliyəm? Məcbur "qara bazar" tapmalıyam. Valyutadəyişmə məntəqələrini bağlamazdan öncə bunu əvəz edə biləcək, alternativ işlər görülməli idi".
Digər vətəndaş Eldar Vəliyev deyir ki, xaricdə təhsil alan övladına təcili pul göndərməli olub, amma manatını dollara çevirə bilmədiyi üçün, Avropada təhsil alan oğlu çətin duruma düşüb: "5-ci gün günorta zəng vurdu ki, "ata, pulum qurtarıb, mənə pul göndər". İşdəydim, dedim ki, narahat olma, axşam çıxan kimi kartına pul yatıracam. Ağlıma gəlmir ki, işləyən valyutadəyişmə məntəqəsi tapa bilməyəcəm. Qabaqdan da şənbə-bazar gəlir, neynəyəcəyimi bilmədim. Belə də biabırçılıq olar?!".
Mövzuya münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov valyutadəyişmə məntəqələrinin ləğvini düşünülməmiş addım kimi dəyərləndirib və alternativ mübadilə bankomatlarının yaradılmasının vacibliyini bildirib: "Şənbə və bazar günləri banklar işləmədiyi üçün, həmçinin də valyutadəyişmə məntəqələri ləğv olunduğu üçün insanlar pullarını dəyişə bilmirlər. Bu da ciddi etirazlara səbəb olur. Bu texniki problemin həlli üçün biz təklif edirik ki, mübadilə bankomatları yaradılsın. Bu o deməkdir ki, hər bir bankın Mərkəzi Bank tərəfindən müəyyən edilən mübadilə mərkəzləri olmalıdır. Eşitdiyimizə görə artıq bununla bağlı bəzi banklarda müəyyən işlər gedir".
Onun sözlərinə görə, əgər plan həyata keçərsə, vətəndaş dollar almaq və ya satmaq istədiyi zaman asanlıqla bankomata yaxınlaşıb alqı-satqını həyata keçirə bilər: "Bankamatlar yaradılmalıdır ki, vətəndaş bazar günü öz valyutasını sərbəst şəkildə dəyişə bilsin. Mən əvvəldən də valyutadəyişmə məntəqələrinin bağlanmasının əleyhinə olmuşam. Çünki bunun hər şeydən öncə sosial tərəfləri var. Hansı ki, bu səbəbə görə 6 min insan işsiz qalıb. Yəni hazırda 6 min ailənin gəlirləri azalıb, ya da heçə enib. Bu çox ciddi problemə səbəb olur".
"Lakin bizdə olan məlumata görə, hələ də bəzi yerlərdə "qara bazar" var və bəzi bankların bu bazarda mübadilə şöbələri fəaliyyət göstərir. Sual meydana çıxır, əgər Mərkəzi bank "йara bazarı" tam ləğv etməyəcəkdisə, niyə onda 6 min insan işindən olub?!", —deyə ekspert sual edir.
V. Bayramov valyuta məntəqələrini bağlamaqdansa, onların fəaliyyətinə nəzarətin gücləndirilməsini məqsədəuyğun hesab edir: "Düşünürəm ki, valyutadəyişmə məntəqələrini bağlamaqdansa, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi daha məqsədə uyğun olardı. Çünki işin sosial tərəfi nəzərə alınmalıdır. Bizdə olan məlumata görə, Mərkəzi Bank bu məntəqələrin yenidən fəaliyyətə başlamasına qərar verməyi düşünmür. Ancaq yaxşı olardı ki, heç olmasa şənbə və bazar günləri onların işləməsinə icazə verilsin. Vətəndaşlar da pullarını rahat dəyişə bilsinlər. Ən azı mübadilə bankomatları işə düşənədək bu proses davam etməlidir".
Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev isə Sputnik-ə açıqlamasında deyib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası məsələsi gündəmdə deyil. Şəhərin bəzi yerlərində hələ də valyutadəyişmə məntəqələrinin gizlin fəaliyyət göstərməsi məsələsinə gəldikdə, N. Əliyev bu haqda onlarda məlumat olmadığını söylədi: "Əgər elə bir fakt varsa, bu, qanunsuzluqdur".