Bakıda keçmiş Sovet küçəsi ilə "Beşmərtəbə" arasındakı ərazidə Böyük Bakının inkişaf planına əsasən söküntü işləri davam etdirilir. Artıq 2 minədək yaşayış evi və müxtəlif tikililər sökülüb. Təəssüf ki, bu işə cəlb olunmuş ekskavatorlar memarlıq və tarixi cəhətdən dəyərli olan tikililəri də məhv edirlər. Mirzağa Əliyev 115 ünvanında yerləşən evi də belə bir aqibət gözləyir.
Bu ev nə ilə əlamətdardır? O 1889-cu ildə Qulam Mirzə Şərifzadə tərəfindən tikilib. Memar dahi Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadənin böyük qardaşıdır. Aktyor uzun illər məhz bu evdə yaşayıb. Bu evdə bir çox məşhurlar qonaq olublar: Hüseyn Cavid, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və s. Bina sözsüz ki, tarixi əhəmiyyət daşıyır. Bundan əlavə, bu ev barəsində memarlıq professoru Şamil Fətullayev-Fiqarovun "XIX əsr — XX əsrin əvvəllərində Bakıda şəhər quruculuğu" kitabında söz açılır.
Tarixi və yaxud memarlıq baxımından əhəmiyyət daşıyan tikililərin sökülməsi yalnız onların qəza vəziyyətində olması halında mümkündür. Lakin təcrübə göstərir ki, bizdə sökülməni formal olaraq əsaslandırmaq üçün binaların qəza vəziyyətinə çatdırılması mümkündür.
Şübhəsiz ki, bütün böyük şəhərlərin görkəmi zamanın, memarlıqda yeniliklərin, demoqrafik vəziyyətin tələbi ilə dəyişir. Lakin hər yerdə memarlıq və tarixi abidələri saxlamaq üçün alternativ qərarlar qəbul olunur. Bu məqalə dərc olunarkən bəlkə də Şərifzadənin yaşadığı ev sökülüb. Lakin ümid etmək istəyirik ki, şəhərin planlaşdırılmasına və yenidən qurulmasına cavabdeh olan məmurlar Bakının tarixi simasının qorunması üçün lazımi qərarları qəbul edəcəklər.