BAKI, 15 fev — Sputnik. “Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABŞ dollarını aldadaraq alıblar. Həmin pulu ələ keçirən şəxsin birbaşa komitə sədri olması təəccübə səbəb olub. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”.
Sputnik xəbər verir ki, bu barədə həmin şəxsin vəkili Adəm Məmmədov şəxsi "Facebook" səhifəsində məlumat paylaşıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb. APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda ittiham olunan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdur.
Onun haqqında araşdırma aparılması üçün Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə fevral ayının əvvəlində müraciət edilib.