BAKI, 5 noy — Sputnik. Azərbaycanda cəza tədbirləri bundan sonra da davam etdiriləcək.
Sputnik xəbər verir ki, bu fikri dövlət başçısı İlham Əliyev Şəki Məhkəmə Kompleksinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır: “Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.”
Dövlət başçısı əlavə edib ki, əfsuslar olsun buna hələ ehtiyac var: “Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün.”
Ölkə başçısı bildirib ki, bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir və son illərdə bu istiqamətdə böyük nailiyyətlər əldə edilib: “Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır.”