BAKI, 12 fev — Sputnik. "Şimalda və cənubda yaşayan azərbaycanlıları tarix boyu bir-birindən uzaqlaşdırmağa cəhdlər edilib. Lakin bu əməllər faydasız olub və heç bir nəticə verməyib".
Sputnik xəbər verir ki, bu fikirləri bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə, "İranda son durum və Azərbaycan Milli Hərakatı" mövzusunda keçirilən tədbirdə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı səsləndirib.
"Sovet dövrü kitablarında Cənubi azərbaycanlıların artıq tamamilə iranlılaşdığı və şimaldakı soydaşları ilə artıq heç bir oxşar cəhəti qalmadığı barədə məqsədli yazılar dərc olunub. Həm İranda, həm də SSR-də buna bənzər kirli işlər görülürdü. Ancaq bütün bunlar heç bir nəticə vermədi və azərbaycanlılar bir-birilərini unutmadılar", —deyə VHP sədri bildirib.
Azad Demokratlar Partiyasının (AzDP) rəhbəri, politoloq Sülhəddin Əkbər, İran üzərindəki beynəlxalq sanksiyaların ləğvindən və onun mümkün nəticələrindən danışıb: "İrana qarşı sanksiyaların ləğv olunmasının yaxşı tərəflərindən daha çox pis tərəfləri var. Və bu, bizi narahat edir".
"Çünki iqtisadiyyatı güclənən İran, məzhəbçi siyasətindən öz məqsədləri üçün maksimum yararlanmağa çalışacaq ki, bu da məzhəblərarası müharibəni daha da qızışdıracaq", —deyə AzDP sədri vurğulayıb.
Onun sözlərinə görə, xaricdən gələn maliyyə axını ilə iqtisadiyyatı güclənən İran, şiə məkanında təsir gücünü artıracaq, Azərbaycan da daxil olmaqla, region ölkələrində kəşfiyyat strukturlarını gücləndirəcək. S. Əkbər hazırda dünyada demokratik və anti-demokratik qüvvələrin mübarizəsində həlledici mərhələyə girildiyini söyləyib: "Artıq proseslər həlledici mərhələyə qədəm qoyub. Regionda gedən müharibələr hamısı buna işarədir".
Tədbirdə ictimai-siyasi xadimlər, partiya sədrləri və KİV təmsilçiləri ilə yanaşı, Cənubi Azərbaycandan gələn dəvətlilər də iştirak ediblər.