BAKI, 27 yan — Sputnik. Beynəlxalq sanksiyaların ləğvindən dərhal sonra İran ardı-arda Çin və İtaliya ilə irimiqyaslı sazişlər imzaladı. İlk öncə Çinlə 10 illik 600 milyard dollarlıq həcmində saziş bağlayan İran, ardınca İtaliya ilə müxtəlif sahələrdə 17 müqavilə imzaladı. Prezident Həsən Ruhani Romadakı çıxışında iri layihələrin bundan sonra da davam edəcəyini deyərək, əslində tək İtaliya ilə yox, digər Avropa ölkələri ilə də sazişlər bağlanacağına işarə etmişdi.
Neft və qaz zəngini İranın sürətli inkişafa qədəm qoyması bəzi bölgə ölkələri tərəfindən birmənalı qarşılanmır. Körfəz ölkələri, güclənən İranın Yaxın Şərqdə daha da aqressivləşəcəyindən ehtiyat edir.
Bəs mövcud vəziyyət Türkiyə və Azərbaycana necə təsir edəcək? Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik-ə şərh edib.
Onun fikrincə, İranın güclənməsi Türkiyə və Azərbaycan üçün təhlükə kəsb etmir: "Əksinə, İran üzərindəki sanksiyaların ləğvi Azərbaycan və Türkiyə üçün yeni bazar deməkdir. Mən düşünmürəm ki, İranın Avropaya açılması, yeni sazişlər imzalaması Türkiyə və Azərbaycan üçün təhlükə yaratsın. Tam əksinə, bu bazardan hər iki ölkə yaxşı istifadə edə bilər".
"İran və xarici dövlətlər arasında imzalanan irimiqyaslı kontraktlar öncədən hazır idi. Sadəcə olaraq, imzaların atılması üçün sanksiyaların ləğvi gözlənilirdi", —deyə siyasi şərhçi bildirdi.
"O cümlədən türk şirkətlərinin bu ölkədə yatırımları arta bilər. Türkiyə özü də Avropa ölkələri kimi İrandakı iqtisadi və enerji layihələrində pay sahibi ola bilər", —politoloq vurğulayıb.
O cümlədən Azərbaycanla bağlı da münbit şərait yarandığını deyən şərhçi, şimal və cənub dəhlizi məsələsinin gündəmə gəldiyini xatırladıb: "Rəsmi Bakı bu layihənin tezliklə icra olunmasını arzulayır. Bu halda İranın Rusiyaya çıxışı Azərbaycan üzərindən olacaq ki, bu da bizi tranzit ölkəyə çevirəcək".