Struktur islahatları daha hansı strukturları əhatə edə bilər? Sputnik-in bu istiqamətdə suallarıını Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli cavablandırır:
- Tahir müzəllim, ölkə Prezidenti ötən ay keçirilən müşavirələrdə dövlət orqanlarında struktur islahatlarının aparılmasından danışdı və bu istiqamətdə artıq bir sıra addımlar atılmaqdadır. Siz bu prosesi necə qiymətləndirirsiniz?
— Gözlənilirdi ki, postneft dövrü 20 il sonra başlanacaq və belə hesab olunurdu ki, indiki strukturlara ondan sonra keçilməlidir. Neftin qiymətinin kəskin düşməsi və Azərbaycan büdcəsinin və ümumiyyətlə dövlətin böyük dərəcədə neftdən asılığı məcbur elədi ki, bu islahatlar vaxtından əvvəl keçirilsin. Bu istiqamətdə addımlar atılır və bəyan olunub ki, hələ davam edəcək. Düşünürəm ki, indiki halda təşəbbüslər dövlət başçısından gəlir. Onun sərancamları ilə islahatlara dair proqramlar hərəkətə gətirilib. Hesab edirəm ki, başlanğıc üçün pis deyil. Arzu edərdim ki, Prezident yanında ictimai nəzarət palatası olsun. İndi hələlik sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı belə bir palata yaradılıb. Sahibkarlığın inkişafı bütün əhalinin, o cümlədən aztəminatlı ailələrin təminatı, iş yerlərinin açılması, əmək haqqı və digər məsələlərə ciddi şəkildə təsir edir.
- Apellyasiya şuralarının praktiki işləmək imkanları necə olacaq, onların icra strukturunun tərkibində yaradılması işin effektivliyinə təsir göstərməyəcək ki?
— Mən istərdim ki, tərkibdə ciddi dəyişikliklər olsun: siyasi partiyalar, qeyri-hökümət təşkilatları, ictimaiyyət nümayəndələri, yaradıcılıq ittifaqlarının üzvləri və digərləri də bu işə cəlb olsunlar. Bir amil də var ki, həmin yerli apellyasiya və hətta mərkəzi icra orqanı yanında yaradılmış apellyasiya şüralarının hərəkətlərindən şikayət etmək mümkün olacaq. Yəni ona görə, hər bir halda bu addımlar təkmilləşdirilməlidir, həm də tərkibində xeyli ciddi dəyişikliklər olmalıdır. Əslində bu məsələ təcrübə topladıqca həyatda özünü göstərəcək: nə dərəcədə effektivdir, nə dərəcədə korrupsiyaya qarşı mübarizə aparacaq, sahibkarlığa kömək olacaq, aztəminatlı ailələr necə təmin olunacaq. Bu məsələnin aradan qaldırılması üçün müəyyən dəyişikliklər həyata keçirilməlidir və keçiriləcək də. Mən Prezidentin iradəsinə inanıram.
- Rusiyada cari il başlayandan məmurların 10 faizə yaxını ixtisar edildi. Sizin fikrinizcə, Azərbaycanda vəziyyət necədir: bir-birilərinin fəaliyyətlərini təkrarlayan qurumların birləşdirilməsi və ya ləğvi gözlənilirmi?
— Ümumiyyətlə deyim ki, Baltikyanı ölkələri çıxmaqla, postsovet dövlətləri struktur cəhətdən biri-birinə çox bənzəyir. Ona görə də şübhəsiz ki, Rusiya analoqunun da tətbiqi yaxşı olar, çünki oxşar proseslər gedir. Həm strukturlar cəhətdən, həm də kadr islahatları və ixtisarlar cəhətdən böyük addımlar atıldı. Prezidentin çıxışında məsələ hətta yerli avtomobildən istifadəyə qədər dərinləşdirildi. Düşünürəm ki, paralel strukturlar, doğrrdan da aradan qalxmalıdır. Şübhəsiz, ixtisarlarla yanaşı işsizlər ordusu da artacaq. Ancaq, bu, zəruri addımdır. Necə deyərlər, itkisiz heç nə yoxdur. Daha böyük nailiyyət əldə eləməkdən ötrü işsiz qalanları istehsalat sferasına yönəltmək olar. Yəni ki, məmur sferasından istehsalat sferasına yönəldilsin. Bu addımı mütləq atmaq lazımdır. Çünki, büdcədən qidalanan çoxlu skrukturlar və məmurlar var. Mən düşünürəm ki, hətta Nazirlər Kabinetinin öz strukturlarında belə, paralellik var. Yəni elə funksiyalar var ki, bu, Prezident idarəçiliyi ilə paralel gedir. Yəni ən yüksək səviyyədən başlayıb, ən aşağıya qədər bu strukturların özlərinin ləğvi və ciddi məmur ixtisarlarına getməyin zərurəti yaranıb.