BAKI, 10 fev — Sputnik. "Saxta alkotesterlə bağlı olduğu iddia edilən videogörüntülərdə yol polisi heç bir qanun pozuntusuna yol vermir". Sputnik xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib.
Bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirən bölmə rəisinin sözlərinə görə, həmin görüntülərdə sürücü sadəcə olaraq alkotesterin qanuni olub-olmadığını soruşur: "Yol polisi isə sürücünün bütün suallarını təlimata uyğun şəkildə cavablandırır. Daha sonra həmin sürücü yol polisinin qanuni tələblərinə əməl edərək alkotester müayinəsindən keçir. Mən həmin videoya bir neçə dəfə baxmışam, orada qanun pozuntusuna və ya saxta alkotester məsələsinə rast gəlməmişəm".
V. Əsədov əlavə edib ki, bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlar əsassız yayılmış informasiyadır: "Azərbaycanda yol polisi ən müasir texnika və avadanlıqlarla təchiz olunubsa, necə ola bilər ki, Çin istehsalı olan saxta alkotesterlərdən istifadə olunsun? Saxta alkotester ola bilməz".
O, belə faktlar varsa, DYP-yə məlumat verilməsini tövsiyyə edib: "Burada heç bir saxta texniki avadanlıqdan söhbət gedə bilməz. Bu, mümkün deyil. Ola bilsin ki, bu, yol polisinin əldə etdiyi nailiyyətləri cəmiyyətə başqa formada çatdırmaq istəyənlərin işidir. Onlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar".