BAKI, 10 fev — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda növbəti beynəlxalq idman tədbiri — Formula 1 keçiriləcək. Sputnik bu nəhəng idman tədbiri ilə bağlı ənənəvi sorğusunu davam etdirir. Nəticələri təqdim edirik:
Emin Səfərov — jurnalist: "Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizə nə qazandırdı ki, Formula 1 də nəsə bəxş etsin? Sözügedən yarışı 10 il ardıcıl olaraq keçirəcəyimizi nəzərə alsaq, deməli, görəcəyimiz günlər qabaqdadır".
Anar Kəlbiyev — jurnalist: "Ümumiyyətlə Formula 1 dünyada məşhur idman növüdür. Ölkəmizdə o qədər tanınmış idman növü olmasa da, dünya ölkələrində xeyli azarkeşi olan bir idmandır. Devalvasiya ilə əlaqələndirilməsinə gəlincə, bu idman yarışının ölkəmizdə keçiriləcəyi dünyada baş verən hazırkı iqtisadi proseslərdən əvvəl danışılmışdı. İndiki halda imtina edilməsi məncə mümkün deyil. Ölkəmizə nə verəcəyinə gəlincə, yəqin ki, yarış günlərində ölkə turizmini əks etdirəcək video-roliklər reklamda göstəriləcək. Bu yarışa da dünyanın xeyli ölkəsində baxılacaq. Məqsəd ölkə turizmini dünya ölkələrinə tanıtmaq olacaq. Amma bir gənc olaraq düşünürəm ki, ölkəmizin tanıdılmasının ən yaxşı yolu "Made in Azerbaijan" istehsalı olan məhsulları xaricə ixrac etməkdir".