BAKI, 8 fev — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisini (F1 Grand Prix of Europe) təmsil edəcək rəsmi elçiləri ictimaiyyətə təqdim edib.
Avropa Qran Prisinə 130 günün qaldığı ərəfədə əməliyyat şirkəti bildirib ki, Azərbaycanın əməkdar artisti, bəstəkar və Bakı 2015 Avropa Oyunlarının ulduz elçilərindən biri Tünzalə Ağayeva, Formula 1 şərhçisi Rəhim Əliyev və Formula 3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev F1 Avropa Qran Prisininin ilk rəsmi elçiləri adına layiq görülüblər.
Rəsmi elçilər, BŞH-nın F1 Avropa Qran Prisi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisinin təbliğinə çalışacaqlar.
Seçilən rəsmi elçilər Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışı haqqında məlumatın daha geniş ictimaiyyətə çatıdırılmasında böyük potensiala sahibdirlər. Ötən il Bakı 2015 ilk Avropa Oyunlarında uğurla iştirak etmiş könüllülər komandasının ulduz elçisi Tünzalə Ağayeva eyni ənənəni bu il də Avropa Qran Prisində davam etdirəcək.
Avropa Qran Prisinin rəsmi elçisi adına layiq görülən Rəhim Əliyev 2010-cu ildən bəri “İdman-Azərbaycan” kanalında efirə gedən və Azərbaycanda Formula 1 haqqında yayımlanan yeganə verilişin şərhçisidir. O, eyni zamanda Formula 1 haqqında Azərbaycan ictimaiyyətini məlumatlandıran məşhur www.f-1.az xəbər saytının təsisçisi və baş redaktorudur və ölkədə Formula 1 həvəskarlarını bir araya gətirən azarkeş klubunun da rəhbəridir.
Rəsmi elçi seçilən Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda Formula 3 pilotudur. Bu gənc pilot ötən ayın sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Formula Gulf 1000” yarışında ən yaxşı nəticə göstərərək birinci yerin sahibi olub.
Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır.
20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.