Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək" konfransı çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib. Prezident bildirib ki, Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır. Dövlət başçısının sözlərinə görə, ən əsası sülh və atəşkəsin siyasi həllini tapılmasıdır.
"Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar", — Azərbaycan Prezidenti vurğulayıb.
İ. Əliyev deyib ki, Azərbaycan böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilir: "Əlbəttə ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik. Biz Suriya qaçqınlarını qəbul etmək üçün üzərinə belə böyük bir yükü götürən ölkələrə minnətdarıq".
Politoloq Azər Rəşidoğlunun fikrincə, Londonda keçirilən konfransda iştirak Azərbaycanın maraqlarına uyğundur. "Azərbaycanın Suriyaya nəsə verməsi real deyil. Sadəcə olaraq belə konfranslarda iştirak Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan bununla mesaj vermək istəyir ki, ölkənin inkişafı və bölgədə inkişaf üçün əsas məsələ daxili sabitlikdir. Korrupsiyaya qarşı mübarizə və sabitliyin qorunması əsasdır. Suriya məsələsində Azərbaycan hansısa bir tərəfin mövqeyini tuta bilər ki, bu da Azərbaycanın maraqlarına cavab vermir".
"Mən düşünürəm ki, Azərbaycan Suriya məsələsində Türkiyə ilə mövqelərini uzlaşdırmalıdır. Lakin, açıq şəkildə Türkiyə ilə eyni mövqedən çıxış etmək Rusiyanın qıcığına səbəb ola bilər. Bu baxımdan Azərbaycanın neytral mövqe tutması daha məqbul variantdır", — A. Rəşidoğlu vurğulayıb.
Politoloq Qabil Hüseynli isə bildirir ki, bu toplantı sırf Suriya probleminin həlli üçün vəsait cəlbinə hesablanıb. Onun sözlərinə görə, hazırkı durumda Azərbaycanın hansı maliyyə töhfəsini verməyi planlaşdırdığı isə hələlik məlum deyil:
"Biz humanitar formada geyimlər, ərzaq, dərman vasitələri və başqa lavazimatlarla onlara kömək göstərə bilərik. Bir də orada əsasən nəğd pul məsələsi müzakirə olunur".
"Məsələn, Angela Merkel dedi ki, Almaniya Suriyaya 2,3 milyard avro pul ayıracaq. Artıq ianələr təxminən 10 milyard dolları keçib. Azərbaycan nə qədər və hansı formada Suriyaya ianə verəcək, bu, haqda məlumatım yoxdur", — Q. Hüseynli qeyd edib.
"Hər halda Azərbaycanın özünün də problemləri olmasına baxmayaraq, Suriyaya pul şəklində yardım göstərəcək", —deyə şərhçi düşünür.
Qeyd edək ki, Suriyadakı müharibədən əziyyət çəkənlərə yardımın 9 milyard dollara qədər artırılması ilə bağlı dünya liderləri cümə axşamı Londonda donorlar iclasında bir araya gəlib.