BAKI, 2 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il fevralın ayının 1-ə 4 398,5 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 mlrd. 282,3 mln. dollar və ya 2,9 dəfə azdır.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, dekabr ayı ilə müqayisədə yanvarda valyuta ehtiyatları 618,2 mln. dollar və ya 4,88% azalıb.
İqtisadçı-ekspert Samir Əliyev ölkənin valyuta ehtiyatlarının azalmasını öz facebook səhifəsində şərh edərək yazıb: "Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb. Mərkəzi Bankın ehtiyatı 2008-ci ilin mayından sonra ən aşağı səviyyəyə düşüb. Bankın ehtiyatını müəyyən qədər Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub.
Son günlər banklar tərəfindən az dollar alınmasının səbəbini Mərkəzi Bankın rəsmi statistikası təsdiq edib. Belə ki, yanvar ayında pul bazası birdən-birə 16% və ya 1,1 milyard manat azalıb. Pul bazasının səviyyəsi 2010-cu il həddinə düşüb".
Ekspertin fikrincə, Mərkəzi Bank pul bazasını məhdudlaşdırmaqla bankların dollara olan tələbatını süni şəkildə azaldır və beləcə manata süni nəfəs verir.
"Pul bazasının azaldılması həmçinin inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bu, ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır." — deyə S.Əliyev əlavə edib.