BAKI, 26 yan — Sputnik. Maliyyə naziri Samir Şərifov iqtisadçıları elə günhalandırır ki, sanki devalvasiyaya məhz iqtisadçıların çıxışları da təsir edir. Əksinə, ən böyük narahatlıq məlumatsızlıqdan yaranır.
İqtisadçı-ekspert Samir Əliyev Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "2016-cı il üçün büdcəyə yenidən baxılması Azərbaycana nə verəcək?" mövzusunda keçirilən dəyirmi masada bu fikirləri işlədib.
Maliyyə naziri Samir Şərifov ANS telekanlında yayımlanan "Hesabat" verilişində iqtisadçıları manat ətrafında ajiotaj yaratmaqda günahlandırıb.
Onun sözlərinə görə, insanlar dövlətin vermədiyi məlumatları iqtisadçılar vasitəsilə öyrənirlər.
"Xalq gördü ki hər şey ekspertlərin dedikləri ilə üst-üstə düşür. Mərkəzi Bankın sədri Elman Rüstəmov deyirdi ki, hər şey yaxşı olacaq, amma hər şey tərsinə oldu. Onun dedikləri yox, ekspertlərin dedikləri düz çıxdı. Xalq artıq məmurlara yox, ekspertlərə inanır", deyə Əliyev bəyan edib.
Onun sözlərinə görə, başqa ölkələrdə belə hallar olanda, yəni Mərkəzi Bank rəhbəri və yaxud digər dövlət məmuru yalan məlumat verəndən sonra istefa verməyə məcbur olurlar.
"Təəssüf ki, bizdə hələ də belə ənənə formalaşmayıb", deyə iqtisadçı bildirib.