Sputnik xəbər verir ki, bu açıqlamanı bu gün, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sesiyası ərəfəsində və gedişatı zamanı baş verən hadisələrlə bağlı keçirilən tədbirdə, AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov verib. Onun sözlərinə görə, layihə öz məqsədinə çatıb: "Sərsəng harayı" dünya ictimaiyyətinə çatdırılıb.
Daha sonra çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd edib ki, Azərbaycandakı səfirliklərə, beynəlxalq təşkilatlara Sərsəngə köməklə bağlı qrant layihələri təklif edib, lakin heç birindən cavab almayıb: "Bu məsələni Avronest PA-da da qaldırdım. Lakin anti-Azərbaycan qüvvələr şantaj və provokasiyalar edib qarşımıza sədd qoydular ki, əgər Sərsəngi geri götürməsəniz, biz Ramil Səfərovun məsələsini yenidən gündəmə gətirib Azərbaycana sərt qətnamə qəbul edəcəyik".
"Biz məcburiyyət qarşısında qalıb geri çəkildik. Sonra biz Azərbaycana dəstək verən avropalı deputatlar vasitəsilə bu məsələni ATƏT Parlament Assambleyasında qaldırdıq. Yenə də alınmadı", —deyə E. Süleymanov bildirib.
E. Süleymanov qeyd edib ki, Azərbaycan cəmiyyətinin bu informasiyalara ehtiyacı var: "AŞPA-da bu məsələnin qaldırılması çox əlverişli məqama düşdü. Ukraynadakı hadisələrə görə Rusiyaya sanksiya tətbiq edilmişdi. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistana sanksiya tətbiq edilməsini istəyən qətnamə layihəsi təqdim etdim. AŞPA-nın baş katibi Voytsex Savitski Azərbaycanın ən qatı düşmənidir. O mənə 6 saat vaxt verdi ki, başqa qətnamə hazırlayım".
"48 avropalı deputatın imzası ilə yeni qətnamə layihəsi hazırlandı, lakin Savitski bunu da qəbul etmək istəmədi. AŞPA-nın indiki prezidenti, məruzəçi Pedro Aqramuntla birgə müzakirəyə getdik. Savitski məni inandırmağa çalışdı ki, qətnamənin adında Dağlıq Qarabağ münaqişəsi olsun", —deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, problemin ən incə, həssas, Azərbaycanın əleyhinə işləyən məqamı "Dağlıq Qarabağ münaqişəsi" ifadəsidir: "Mən buna qəti etirazımı bildirdim. Bu məsələ büroya çıxdı. Pedro Aqramuntun təklifi ilə qətnamə "Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində zorakılığın artması" adlandırıldı. Bu adla deputatları inandıra bildik ki, gərginlik və zorakılıq artıb. Bu inam onları məcbur etdi ki, başlıq belə adlandırılsın. Həmin gündən məruzəyə hücumlar başladı. Anti-Azərbaycan qüvvələrin diqqəti bu məruzəyə yönəldi".
Məruzənin bu il AŞPA-da səsə qoyulmasından danışan E.Süleymanov bildirib ki, heç bir məsələdə razılığa gəlməyən Vaşinqtonla Moskvanın fikirləri bu məsələdə üst-üstə düşdü: "Minsk qrupu bu məsələ ilə bağlı AŞPA-ya rəsmi xəbərdarlıq etdi. Halbuki, bu, hüquqa ziddir. Ona görə ki, Minsk qrupu 3 məmurdan ibarətdir, AŞPA isə müstəqil parlamentarilərdən ibarətdir".
Qeyd edək ki, Assambleyanın 11 illik səssizlikdən sonra yenicə qəbul edilmiş qətnaməsi Ermənistana işğalçı dövlət möhürü vurub. Bu, tarixi qələbə hesab olunur.