BAKI, 29 yan — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir etməsi səbəbilə, məşhur futbolçu Hakan Şükür barəsində istintaq başladılıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, İstanbulun Bakırköy səmtində yaşayan bir nəfər sadə vətəndaş futbolçunu məhkəməyə verib.
O, məhkəməyə yazdığı şikayət ərizəsində qeyd edib ki, Hakan Şükür şəxsi "Twitter" səhifəsində prezident Ərdoğan haqda, içərisində ağır söyüşlərin də yer aldığı statuslar paylaşıb. Sözügedən vətəndaş Ərdoğana heyranlığı olması səbəbilə belə bir addım atdığını deyib.
Sözügedən hadisədən sonra prokurorluq futbolçu barəsində "şəxsiyyəti təhqir" səbəbilə 2 ilə qədər azadlıqdan məhrumetmə üzrə iddia qaldırıb. Hazırlanan iddianamə baxılması üçün məhkəməyə göndərilib.
Haqqında istintaq başladılan Hakan Şükür isə ifadəsində paylaşdığı statuslarda dövlət başçısını hədəf almadığını iddia edib. Bakırköy Respublika Baş prokuroru İdris Kurt yazılan statuslardan xəbəri olduğunu və həmin statuslarda Prezidentə təhqiramiz ifadələrin işlədildiyini bildirib.