BAKI, 29 yan — Sputnik. İsveçrənin paytaxtı Cenevrədə bu gün keçirilməsi gözlənilən Suriya danışıqları təxirə salınıb. Toplantının 2 fevral çərşənbə axşamı gününə ertələndiyi açıqlanıb.
Sputnik Timeturk-ə istinadən bildirir ki, görüşün baş tutmamasına səbəb suriyalı müxaliflərin rejim qarşısında qoyduğu bəzi şərtlərin tam olaraq yerinə yetirilməməsidir. Belə ki, müxaliflər Əsəd rejiminin hələ də hava hücumlarını davam etdirdiyini, əsirləri azad etmədiyini, bu səbəblə də müzakirəyə qatılmayacaqlarını açıqlayıblar.
Normal şərtlərdə isə danışıqların bu gün başlaması planlaşdırılmışdı. Suriyalı müxaliflərin qurduğu "Müzakirə Yüksək Komissiyası"nın koordinatoru və sabiq baş nazir Riyad Hicab, dünən axşam "CNN International" kanalına müsahibəsində, "uğursuzluğa məhkum müzakirələrə getmək istəmirik" deyib.
Qeyd edək ki, tərəflər müzakirə masasına əyləşməzdən əvvəl öz mövqelərini daha da gücləndirmək istəyirlər. Bu səbəbdən hazırda ölkənin bir çox bölgəsində ərazi uğrunda şiddətli döyüşlərin getdiyi bildirilir.