BAKI, 15 yan-Sputnik. Bir müddət əvvəl dalğaların cəsədini Türkiyə sahillərinə çıxardığı fotosu ilə bütün dünyanı ağladan suriyalı uşaq Aylan Kurdinin atası Fransanın satirik jurnalı "Charlie Hebdo"'nun Aylan haqqında "Yaşasaydı xuliqan olacaqdı" karikaturası ilə bağlı Sputnik-ə danışıb.
O karikaturaya görə çox məyus olduğunu vurğulayan Abdullah Kurdi, "onu görəndə ağladım" deyib.
Ailəsi ilə birlikdə Türkiyədən keçməklə Yunanıstana getməyə çalışarkən qayığın batması nəticəsində həyat yoldaşı Zahim Kurdi, oğulları Aylan Kurdi ilə Qalib Kurdini itirən suriyalı mühacir Abdullah Kurdi "Charlie Hebdo"nun sözügedən karikaturası haqqında ürək dağlayan açıqlama verib.
Karikaturanı sərt tənqid edən Kurdi "Həqiqəti bilmək istəyirsizsə, bu karikatura üçün ağladım. Özümü çox pis hiss etdim" deyib.
Silahlı basqına məruz qalmasının ardından az qala ifadə azadlığının simvoluna çevrilən fransız həcv jurnali "Charlie Hebdo"'dan daha təsirli materiallar gözlədiklərini vurğulayan ata Kurdi deyib:
"Təəssüf ki, çox pis bir karikatura çəkdilər. Bu karikaturadan hamı məyus oldu. Aylan 2 yaşında bir uşaq idi və öldü. Aylana, mənə və ailəmə "Charlie Hebdo"nun sayğı göstərməsi lazım idi, amma tam əksi oldu. Bu jurnal ölən uşaqlara hörmət etməlidir. Peyğəmbərlə bağlı alçaldıcı karikatura yaydılar. Allahla bağlı təhqiramiz şeylər dərc etdilər. Allah və Peyğəmbər qarşısında mənim uşağıma qarşı edilən kiçik bir şeydir"
Hazırda ziyarət məqsədilə İstanbulda olduğunu söyləyən Abdullah Kurdi, İrak Kürdüstanı Muxtar Vilayətində, Ərbildə yaşadığını bildirib.
O, dünyaya belə bir mesaj verib: "Dünyanı və satira jurnalını ölən bütün uşaqlara hörmət etməyə çağırıram. Onların ailələrini məyus etməyin və dərdlərinə dərd qatmayın."