"Azadlıq" qəzetinin hesablamasına görə, 1 qəzetin çəkisini 50 qramdan hesablasaq və həmin qəzetin gündəlik tirajını 5000-dən götürsək, bu, 250 kiloqram edir. 250 kiloqramı aya vuranda isə 7500 kiloqram kağız edir. Kağızın 1 tonunun qiymətini 1000 dolardan hesablasaq, bu, bir qəzetin aylıq kağız tələbatının 7500 dollar olduğunu göstərir. Bu rəqəmin 18 faizi isə 1350 dollar edir. Deməli, bir qəzetin aylıq ödənişi 1350 dollar olacaq. Bundan başqa, manatın dəyərinin enməsi nəticəsində kağız 50 faiz, nəşriyyat xərcləri isə 25 faizədək artıb.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, belə vəziyyətin yaranması gözlənilmirdi: "Vəziyyət bir az gözlənilməz olub, çünki neçə illərdir ki, kağız ƏDV-dən azad olunmuşdu. Buna görə də çap mediasının kağız alması ilə bağlı problem yox idi, bu problem aradan qalxmışdı. İndi iki məsələ baş verib: həm ümumi maliyyə problemləri ilə bağlı kağızın qiyməti qalxıb, əlavə olaraq da vergi tətbiq olunub".
"Bu, qiymətlərə ikiqat-üçqat təsir göstərir. Bu məqamda bunun tətbiq olunması gözlənilmirdi. Amma hər halda tətbiq olunubsa, indi ətrafında müzakirələr keçirilməlidir", —deyə M. Ələsgərli bildirdi.
Lakin məsələ tək bununla da bitmir. Ölkədə yayım şəbəkəsi və reklam bazarı da yoxdur. "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevin sözlərinə görə, mətbuata vurulan ən böyük zərbə də elə budur: ""Azadlıq" qəzeti yalnız satışdan maliyyələşən qəzetdir. Bir çox qəzetlər KİV-ə Dövlət Dəstəyi Fondunun proqramı vasitəsi ilə yardım alırlar, amma bizimlə onlar əməkdaşlığı dayandırıblar. Bu baxımdan "Azadlıq" qəzetinin vəziyyəti daha ağırdır. Reklam bazarı azad olsaydı, 18 faiz ƏDV ciddi problem olmazdı. Qəzetlər də reklam bazarının imkanlarından faydalana bilərdirlər. Ölkənin ən popular qəzeti olan "Azadlıq" qəzetini də heç bir ƏDV narahat etməzdi".
"Amma çox təəssüflər olsun ki, heç bir reklam imkanı yoxdur. Digər tərəfdən də satış imkanlarımız məhdudlaşdırılıb, faktiki olaraq heç bir yayım yoxdur, metroda qəzet satışı dayandırılıb", — R. Hacıyev qeyd etdi.
Qəzetin gələcək fəaliyyətinə gəldikdə isə, redaktor müavini yaxın vaxtlarda "Azadlıq" qəzetinin çıxıb-çıxmayacağının sual altında olduğunu bildirdi. Onun sözlərinə görə, belə şəraitdə qəzetin fəaliyyətini davam etdirmək çox çətin olacaq.
"Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə isə, oxşar vəziyyət böyük bir tarixi ənənənin qırılmasına gətirib çıxara bilər: "Bu, qəzetlərin vəziyyətinin daha da pisləşməsinə səbəb olub. Artıq vəziyyət o yerə gəlib ki, yazılı — çap mediasının mövcudluğu sual altına düşüb. Ona görə də çətinlik yaşayırıq. Xüsusilə ƏDV-in yenidən kağızın üzərinə qayıtması vəziyyəti daha da dramatikləşdirir".
"Belə olan halda iki yol var: Birincisi, dövlətə, Prezidentə müraciət edib, növbəti dəfə müəyyən güzəştlərin əldə olunması ki, çap mediası nəfəs ala bilsin. İkincisi, ümumiyyətlə Azərbaycan çap mediasının bir sinif kimi ləğv olunması və onlayn media üzərindən davam olunması. Bu isə böyük bir ənənənin, tarixliyin qırılması demək olardı", — R. Arifoğlu vurğuladı.
Məlumdur ki, KİVDF qəzetlərə maliyyə dəstəyi göstərir. Lakin ölkədə baş verən sonuncu devalvasiyadan sonra onun göstərdiyi maliyyə dəstəyi də öz dəyərini iki dəfəyə yaxın itirib. Bəs belə şəraitdə qəzetlər necə yaşayacaqlar və onların saxlanılması üçün hansı addımlar atıla bilər?
Müşviq Ələsgərli bu haqda belə düşünür: "Bu məsələ Mətbuat Şurasında da müzakirə olundu. İndi Şuranın sədri Əflatun müəllim məsələni parlament səviyyəsində qaldırmağa çalışır. O, təkliflərini ilkin olaraq açıqladı ki, ya bizim qəzetlər üçün ayrılan maliyyə yardımı artmalıdır, ya da bu verginin tətbiq olunması ilə bağlı maddə geri oxunmalıdır".
"Yəni heç olmasa bu ƏDV tətbiq olunmasa, qiymətlər aşağı vəziyyəyə salına bilər. Tədbirlər görülməlidir. İndi həm Mətbuat Şurası, həm də KİVDF öz təkliflərini hazırlayır. Bu təkliflər veriləcək və görək necə reaksiya veriləcək bu məsələyə", M. Ələsgərli əlavə etdi.
Qeyd edək ki, manatın dəyərdən düşməsi səbəbindən media strukturunda da ixtisarların olacağı istisna edilmir. Ekpertlər hesab edirlər ki, redaksiyalar işçilərin maaşlarını artırmasalar, özləri bundan ziyan görəcəklər. Yaxşı jurnalistlər isə daha yaxşı maaş verən KİV-ə transfer etmək məcburiyyətində qalacaqlar. Təbii ki, daha yaxşı sərtlərlə iş təklif edən KİV tapsalar…