BAKI, 28 yan — Sputnik. Bu xanım efirlərdə, demək olar ki, görünmür. Bu səbəbdən, bəlkə də cəmiyyət onu yetərincə tanımır. Və bəlkə də ölkədən kənarda daha çox tanınır. Halbuki, incəsənət aləminin nüfuzlu simalarından, Azərbaycanın balet ustalarından biri və xalq artistidir. Beləliklə, baletmeyster Mədinə Əliyevanın Sputnik-ə müsahibəsini təqdim edirik:
- Mədinə xanım ilk sualım belədir: Xalq artisti olaraq Azırbaycanda baletin bugünkü səviyyəsindən razısınız?
— Bu, mənim peşəmdir. İndi desəm ki, tamamilə narazıyam, düzgün olmaz. Çünki, sən tamamilə narazı olsan, gərək sənətdən uzaqlaşasan. Məncə, bu sənəti Azərbaycanda təbliğ etmək lazımdır ki, insanların baletə marağı artsın. Həm də tək teatrda yox, teatr sərhədlərini aşmaq lazımdır ki, gənclər, uşaqlar da baletin gözəlliyini görsünlər. Və valideynlər öz övladlarını baletə gətirsinlər ki, yeni istedadlı kadrlar yaransın.
Hal-hazırda idmana diqqət yüksək səviyyədədir. Gərək klassik baletə də ən azı belə diqqət ayrılsın ki, inkişaf olsun. Hətta bir faktı da deyim ki, müstəqillik yeni qazanılandan sonra teatrda işləyən çox işçilər teatrdan ayrıldılar. Çoxu ölkədən getdi. Yalnız biz az sayda qalmışdıq. Balet truppası bağlanmaq ərəfəsində idi. Heydər Əliyev bizi qurtardı. Bizim tamaşalara gəlib baxırdı. Və məhz baleti ölkədə qorumaq üçün bizim balet aktyorlarının maaşlarını bir dəfəyə beşqat artırdı. O dövr üçün yüksək maaş sayılırdı. Hələ də o maaşları alırıq.
Doğrudur, 2014-cu ildə Azərbaycanda prezidenti İlham Əliyevin əmri ilə Balet Akademiyası yaradılıb və 2015-ci ildə bu Akademiya fəaliyyətə başlayıb. Hətta orada da təbliğatın olması mütləqdir. Eyni zamanda maraqlı əsərlər səhnələşdirilməlidir, fərqli çıxışlar olmalıdır, bundan sonra baletin inkişafından danışarıq.
- İnsanların teatrlara marağının azaldığı bir zamanda, balet teatrına bilet alıb gələnlər var?
— Az da olsa, baleti sevən insanlar var. Amma internetin, kinotetrların və digər əyləncə növlərinin yaranması insanların teatra olan marağını azaldıb. Evində oturub internetdən baxacağı bir tamaşaya və ya rəqsə pul vermək, zaman itirib gəlmək istəmir. Amma teatr da enerji var, bu enerjini heç bir ekrandan tamaşaçı ala bilməz. Canlı ünsiyyət başqadır. Bunu anlayan tamaşaçı enerji almaq, əsl zövq almaq üçün mütləq teatra gəlir. Xüsusilə ölkəyə gələn qonaqları Opera və Balet Teatrına gətirirlər.
- Xarici ölkələrdə olan baletlə Azərbaycan baletinin nə kimi fərqləri var?
— Məsələn, belaruslar teatral xalqdır. Onlar işdən sonra teatra gedib mənəvi dincəlir, sonra evlərinə gedirlər. Demək olar, həftənin 6 günü teatrları tamaşaçı ilə dolu olur. Onlar mənən teatrla qidalanırlar. Eyni zamanda, Rusiyada Böyük Teatr, digər teatrlara tamaşaçı axını çoxdur. İtaliya, Fransa, Almaniyada da teatrlar tamaşaçı ilə həmişə dolu olur. Sadəcə orada səviyyə çox yüksək olduğu üçün, insanları razı salır və onlar yenidən teatra üz tuturlar.
- SSRİ dövründəki Azərbaycan baletinin səviyyəsi ilə hazırki səviyyə arasında necə bir müqayisə aparmaq olar?
— Fərqlər var. Hal-hazırda rəqslərdə də fərq çoxdur. Artıq idman hərəkətlərinə də üstünlük verirlər. Əvvələr obraza önəm verilirdi, indi rəqsə önəm verilir. Təbii ki, bu, hamıya aid deyil, amma belələri çoxdur. Dünyada Rusiya, İtaliya, Fransa məkəbləri var, artıq Amerika məktəbi də baletin dəyişməsinə böyük təsir göstərir.
- Bildiyimiz qədərilə, Belarusdan Sizə təklif gəlib və orada balet səhnələşdirəcəksiniz. Necə oldu, bu təklif gəldi?
— Biz bir çox dövlətlərlə mədəni əlaqələr qururuq. Bu olkələrdən biri də Belarusdur. Belarusa ilk gedişimiz 2010-cu ildə "Arşın mal alan" operettası ilə olub. Bu tamaşada quruluşçu baletmeyster kimi dəvət olunmuşdum. Rejissor isə Hafiz Quliyevdir. İndi də bu tamaşa teatrda göstərilir və böyük maraqla qarşılanır. İki il sonra — 2012-ci ildə məni yenidən Belarusa dəvət etdilər. Bu dəfə opera səhnələşdirmək üçün getdim. "Min bir gecə" baletini seçdik və bir il yarım ərzində baleti səhnələşdirdik. Bu dəfə mən, bizim quruluşdan fərqli olaraq öz versiyamda "Min bir gecə" baleti tamaşaya qoydum. Çalışdığım qədər, fərqli elədim. Doğrusu, artıq səhnələşdirilən bir tamaşanı fərqli versiyada səhnəyə gətirmək bir qədər çətindir, amma mən bunu bacardım. Və tamaşa çox bəyənilir, hətta bu yaxınlarda Çində qastrol səfərində olublar.
- Hər bir ölkədə teatrda tamaşa səhnələşdirəndə mentalitet, adət-ənənələr nəzərə alınır. Siz necə, Belarusda səhnələşdirdiyiniz və səhnələşdirməyi planlaşdırdığınız tamaşalarda bizim milli mentaliteti nəzərə alırsınız, yoxsa…?
— Mütləq nəzərə alıram. Bizim tamaşanı qururam və təbii ki, öz mədəniyyətimizi, mentalitetimizi orada tətbiq edirəm.
- Üçüncü təklif olaraq "Kleopatra" baletini səhnələşdirəcəksiniz. Bunu hansı formada düşünürsünüz?
— Mənə hələ musiqini göndəriblər və dəqiq hələ heç nə deyə bilmərəm. Hələ bu haqda danışmaq tezdir. Hazırda hazırlıq mərhələsi gedir. Əsas hazırlıq və məşq prosesi yayda olacaq. Sentyabr ayında isə operanın primyerası nəzərdə tutulub.
- Əgər Belarusdan və ya başqa ölkədən birdəfəlik həmin ölkəyə köçüb işləmək təklifi gəlsə, Mədinə xanım Azərbaycanı birdəfəlik tərk edər?
— Bizim sənət bütün dünyada müqavilə əsasında qurulub. Yəni istənilən sənətçı müəyyən müddətdə istənilən ölkə ilə kontrakt bağlayıb, orada işləyə bilər. O ki qaldı mənə, mənə dəfələrlə belə təklif gəlib. Amma mən Azərbaycanı həmişəlik tərk edib başqa ölkəyə getməmişəm, getmərəm də. Mən özümü Azərbaycansız və öz teatrımızsız təsəvvür edə bilmərəm. Yalnız müvəqqəti olaraq kontraktla gedib-gələ bilərəm.