BAKI, 27 yan — Sputnik. "Azərbaycan iqtisadiyyatının enməsinin səbəbi ondadır ki, biz son 15-20 ildə struktur dəyişikliklərinə hazırlaşmamışıq. Rusiya və Qazaxıstan da hazırlaşmayıb. Əks halda milli valyuta məzənnələri belə düşməzdi".
Bu barədə Sputnik-in Mətbuat mərkəzində təşkil olunmuş "Neft qiymətlərinin düşməsi: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" Moskva-Astana-Bakı videokörpüsü zamanı AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda yoxsulluq səviyyəsi iki dəfə arta bilər: "Manatın məzənnəsinin enməsi əhaliyə mənfi təsir edib. Azərbaycanda dollara illik tələbat 9 milyard təşkil edir, lakin bu il biz cəmi 2 milyard əldə edəcəyik. Bir azdan biz bunun mənfi nəticələrini görəcəyik".
Videokörpü "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsi çərçivəsində keçirilib. Moskvadan tədbirdə Milli enerji təhlükəsizliyi fondunun baş direktoru, Maliyyə universitetinin birinci prorektoru, tətbiqi politologiya kafedrasının müdiri Konstantin Simonov və REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin iştirak edibər.
Qazaxıstandan videokörpüyə Qazaxıstan Respublikası Təhsil və elm nazirliyi Elm komitəsinin İqtisadiyyat institutnun filial direktoru Jangeldı Şimşikov və iqtisadi ekspert Əkbər Tukayev qoşulublar.
Bakını görüşdə ekspert, AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev və Neft araşdırmaları mərkəzinin direktoru İlham Şaban təmsil ediblər.
Beynəlxalq energetika agentliyinin son hesabatında neft qiymətlərinin düşməsinin davam edəcəyi göstərilir. Milli valyutaların devalvasiyası və büdcə xərclərinin yenidən baxılması məsələsi bütün Xəzəryanı ölkələr üçün xas olan bir vəziyyətdir.