BAKI, 26 yan — Sputnik. Beynəlxalq sanksiyaların ləğvindən sonra İran prezidenti Həsən Ruhani Avropa turuna başlayıb. Sputnik The Guardian-a istinadən xəbər verir ki, İtaliyaya səfər edən Ruhanini 6 nazir və 120-dən çox iş adamı müşayət edib.
İtaliya prezidenti Sergio Mattarella və Baş nazir Matteo Renzi ilə görüşən Ruhaninin səfərinin əsas məqsədi iqtisadi əlaqələrlə bağlı danışıqlar aparmaq olub. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 17 müqavilə imzalanıb. Müqavilələr İranda dəmiryolu xətlərinin inkişaf etdirilməsi, yüksək sürət qatarı, səhiyyə, əczaçılıq və enerji sahələrini əhatə edir.
Görüşdən sonra İtaliyanın Baş naziri Matteo Renzi və Həsən Ruhani birgə mətbuat konfransı keçiriblər. "Bu müqavilələr müsbət dəyişikliklərdən xəbər verir. Bu addımlar təkcə İranın deyil, bölgənin sülh və rifahı üçün də yeni mərhələnin ilk addımdır. Dünyaya sülh hərbi deyil, siyasi yolla lazımdır", —deyə Ruhani qeyd edib.