BAKI, 22 yan – Sputnik. “Milli Televiziya və Radio Şurası ilə ANS telekanalı arasında problem yeni deyil, uzun müddətdir yaranıb. Biz şuradan milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin necə xərcləndiyini soruşduq. Hətta məktub da göndərdik. Amma MTRŞ cavab verməkdən yayındı”. Bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.
Aparıcısı olduğu “Hesabat” verilişinin MTRŞ tərəfindən bağlanmasını təxribatçı addım kimi dəyərləndirən Mirşahin, bununla söz azadlığı və demokratiyanın kobud şəkildə pozulduğunu bildirib:
"MTRŞ göndərdiyimiz sorğu məktubuna cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı. Şuranın qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub. Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub. Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir. Lakin biz öz haqq yolumuzdan dönməyəcəyik və qanun çərçivəsində məhkəməyə müraciət edəcəyik. Bəlkə onlar bir çox qanunsuzluqları ört-basdır edə biləcəklərini düşünürlər. Ancaq mən bir jurnalist kimi onları sevinməyə qoymayacam. Və yenə onlara bu sualı verirəm və cavab gözləyirəm. Dövlət tərəfindən seriallar üçün ayrılan həmin 10 milyon manat pul necə və hara xərclənib?”
MTRŞ-nın qərarı Azərbaycanda demokratiyaya zərbədir deyən Mir Şahin Ağayev şuranın “Hesabat” verilişi ilə bağlı keçirdiyi iclasdan ANS TV-nin əməkdaşlarının qovulduğunu da deyib.
Xatırladaq ki, MTRŞ-nin bu gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması — proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.