BAKI, 22 yan — Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan Sputnik-ə verilən xəbərə görə, iclasda "ANS" televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb.
"ANS" televiziyasının efirində yayımlanan "Hesabat" analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması — proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, "Televiziya və radio yayımı haqqında" qanunun 23.1-ci maddəsinə uyğun olaraq "ANS" televiziyasının efirində "Hesabat" analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.
Qeyd olunub ki, ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunda nəzərdə tutulmuş proqrama verilən tələblərin və televiziyanın fəaliyyət prinsiplərinin pozulması ilə əlaqədar olaraq 30.09.2015-ci il tarixdə "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" proqramının, 05.10.2015-ci il tarixdə isə "Salam Azərbaycan" proqramının yayımı Milli Televiziya və Radio Şurasının qərarı ilə müvəqqəti dayandırılıb. "Reklam haqqında" qanunun tələblərini pozduğu üçün ANS TV Milli Televiziya və Radio Şurasının 05.10.2015-ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 6000 manat olmaqla, 9 fakt üzrə 54 000 manat, Milli Televiziya və Radio Şurasının 13.10.2015-ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 5000 manat olmaqla 5 fakt üzrə 25 000 manat, ANS ÇM radiosu isə Milli Televiziya və Radio Şurasının 23.12.2015-ci il tarixli qərarı ilə 13 fakt üzrə 5000, 8 fakt üzrə 7000, 5 fakt üzrə 8000 manat məbləğində, ümumilikdə 26 fakt üzrə 161 000 manat məbləğində cərimə edilib.
"Təssüflə bildiririk ki, ANS rəsmiləri yuxarıda qeyd olunan qanun pozuntuları ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən verilən qərarlardan, habelə həmin qərarlarla bağlı ANS Müstəqil Yayım və Medi Şirkəti tərəfindən məhkəmələrə olan şikayətlərin təmin olunmamasından düzgün nəticə çıxarmaq əvəzinə, öz efiri vasitəsilə Milli Televiziya və Radio Şurasınının ünvanına davamlı olaraq əsassız ittihamlar səsləndirilməklə ictimai rəyi çaşdırmaq yolu tutub", —deyə Şura bildirir.
MTRŞ qeyd edir ki, ANS televiziyasının 27.12.2015-ci il tarixdə efirə getmiş "Hesabat" analitik-informasiya proqramında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) aşağıdakı fikirləri ifadə edib: "Bu ili ANS böyük basqı və çətinliklərlə başa vurur. Onu bütöv bir il zərrəbindən keçiriblər. Artıq ANS-ə 100 minlərlə manatlıq cərimə hesablanıb. "Kiminə aş, kiminə daşla" siyasəti bizi yenidən dövlət başçısına müraciət etməyə vadar edir. Prezident İlham Əliyev sahibkarlarla rəftarda sabitqədəmliyə, əli və ürəyi təmizliyə çağırır. Biz də sahibkarıq, bizi də qorumaq lazımdır və Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda bizi də qoruyur. Biz heç nə demirik. Sadəcə olaraq dövlət başçısının sahibkarlara müdaxilə, sahibkarlara təzyiq etmək istəyən məmurlara xəbərdarlığını yenə də xatırladırıq"".
"Görəsən, Mirşahin Ağayev hansı "basqı və çətinliklərdən" gileylənir? Yoxsa Şura tərəfindən aparılan monitorinqlər onun ürəyincə deyil?! Milli Televiziya və Radio Şurası ANS-in özəl telekanal, onun təsisçilərinin isə sahibkar olduğunu yaxşı bilir. Amma, görünür ANS rəsmiləri də, o cümlədən şirkətin təsisçilərindən biri və icraçı direktoru vəzifəsini tutan Mirşahin Ağayev sahibkarların da qanunlara əməl etməli olduğundan xəbərsizdir", —Şura əlavə edir.
MTRŞ onu da qeyd edir ki, "Hesabat" analitik-informasiya proqramının 17.01.2016-cı il tarixli buraxılışında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) Milli Televiziya və Radio Şurasının ünvanına növbəti dəfə əsassız ittihamlar səsləndirib:
"Göründüyü kimi, ANS televiziyası və ANS ÇM radiosu tərəfindən televiziya yayımının əsas prinsipləri və proqrama verilən tələblər davamlı olaraq pozulmaqdadır. Halbuki "Televiziya və radio yayımı haqqında" qanunun 3-cü maddəsinə əsasən yayımçı öz fəaliyyətində informasiyanın obyektivliyi, tam və doğru-dürüstlüyü, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanmalıdır", —deyə MTRŞ-nin bəyanatında vurğulanır.
Şura bildirir ki, "Televiziya və radio yayımı haqqında" qanunun 32-ci maddəsinə əsasən proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalı, proqramı hazırlayanlar qanun qarşısında birbaşa məsuliyyət daşımalı, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir:
Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini öyrənməyə çalışdıq. ANS-dən bu gün saat 19.00-da baş verənlərlə əlaqədar mətbuat konfransının keçiriləcəyi bildirildi.