BAKI, 22 yan — Sputnik. "Rusiya Suriya-Türkiyə sərhədində yeni hərbi aviabaza yaradır". Bu barədə Sputnik ABŞ-ın məşhur "Fox News" telekanalına istinadən xəbər verir.
Məlumata görə, təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən amerikalı bir ordu generalı, rus hərbi məsləhətçilərin, o cümlədən mühəndislərin sərhəddəki Kamışlı bölgəsində baza qurma hazırlıqlarına başladıqlarını deyib.
Kamışlı deyilən ərazi PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin nəzarəti altındadır. PYD isə suriyalı müxaliflərlə savaşda Rusiyadan hərbi dəstək aldığını dəfələrlə etiraf etmişdi. Hətta Türkiyənin Milli Kəşfiyyat agentliyi PYD-nin tək Rusiya ilə yox, Bəşər Əsədlə də ittifaq halında olduğunu sübut etmişdi.
Xəbərə görə, hərbi aviabaza qurmaq işləri bu ilin sentyabr ayından etibarən başlayacaq. Bölgədə Rusiyanın aktiv fəaliyyətini yaxından araşdıran ABŞ kəşfiyyatı, Kremlin bu addımını "Türkiyəyə sataşmaq" kimi qələmə verib. Mövzunu Sputnik üçün dəyərləndirən politoloq Qabil Hüseynli, Rusiyanın bu addımını "Ankaraya meydan oxumaq" kimi dəyərləndirib.
"Vaxtında Türkiyənin etmədiyini, bu gün Rusiya ordusu uzaqdan gələrək edir. Suriyaya yerləşərək Türkiyəyə meydan oxuyur. Baxmayaraq ki, heç Suriya ilə Rusiyanın sərhədi də yoxdur. Ərdoğan isə sadəcə populist çıxışlar etməklə məşğuldur", —deyə politoloq bildirdi.
Siyasi şərhçinin fikrincə, baş verənlər bölgə üçün müsbət heç nə vəd etmir: "Əgər iddia doğrudursa, bu olduqca təhlükəli addımdır. Mənə elə gəlir ki, NATO və Türkiyə gec də olsa, əks addımlar atmağa çalışacaq".
Digər tərəfdən, hazırda Davos forumunda iştirak etmək üçün İsveçrədə olan baş nazir Davudoğlu, forumdakı çıxışında Rusiyaya sərt mesajlar göndərib. "Rusiya da daxil olmaqla, bəzi dairələr, rejimlə əməkdaşlıq edən PYD terrorçuları ilə suriyalı müxaliflərin gücünü zəiflətməyə çalışır", — Davudoğlu bildirib.