BAKI, 20 yan — Sputnik. Pakistanın şimal-qərbindəki Pişəvər əyalətində terrorçular universitet binasına basqın ediblər. Sputnik Sondakika.com-a istinadən xəbər verir ki, son məlumata görə, azı 25 nəfər dünyasını dəyişib, onlarla yaralı var.
Hadisə şahidlərinin dediyinə görə, ilk öncə universitetin girişində 2 böyük partlayış meydana gəlib. Daha sonra terrorçular binaya daxil olublar.
Mənfur hücum beynəlxalq aləmdə ciddi qınağa səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyi terror hücumu ilə bağlı Pakistan xalqına başsağlığı verərək, terroru lənətləyib.
"Bölgədə davamlı sülhün bərqərar olması üçün Pakistan hökumətinin ortaya qoyduğu səmimi səyləri iflasa uğratmağı hədəfləyən bu iyrənc terror aktını şiddətlə qınayır, həlak olanlara rəhmət, yaralılara şəfa diləyərək, Pakistan Hökuməti və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı veririk", —deyə bəyanatda bildirilir.
Türkiyə diqqətə çatdırır ki, terrorla qətiyyətli mübarizəsində dost və qardaş Pakistana dəstəyini bundan sonra da davam etdirəcək. "Bu mövqeyimizi bir daha bəyan edirik".