BAKI, 19 yan — Sputnik. "Bazar iqtisadiyyatı qanunlarının düzgün işlədiyi ölkələrdə "süni qiymət" anlayışı olmur. Əgər süni qiymət varsa, deməli monopoliyalar var, bazara qeyri-qanuni müdaxilələr var. Deməli bazarın vəziyyətini konkret şəxslər və maliyyə qrupları müəyyənləşdirir".
Bunu Sputnik-ə açıqlamasında iqtisadçı-ekspert Qadir İbrahimli deyib. Devalvasiyaya görə qiymət artımına gəldikdə, eskpertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının 70%-i idxaldan asılır və təbii olaraq qiymətlər də nisbətən qalxmalıdır.
"Bu, normal prosesdir. Ancaq bahalaşmanın bir ölçüsü olmalıdır. Bəzi qaranlıq maliyyə qrupları, monopolistlər devalvasiyasonrası mərhələdən öz çirkin məqsədləri üçün istifadə edirlər. Qiymətləri olduğundan çox qabardırlar. Bu, monopoliyanın, maliyyə qruplarının bazara kobud müdaxiləsinin nəticəsidir", —deyə Q. İbrahimli bildirib.
Qiymət artımına birbaşa səbəb olan gömrük haqqlarına da toxunan iqtisadçı gömrük sisteminin liberallaşdırılmasını təklif edir: "Əgər gömrük sistemi liberallaşdırılsa, hər kəsin tabe olduğu standartlar tətbiq edilsə, problemlər qısa zamanda öz həllini tapar. Yox əgər heç bir iş görülməsə, xalqın güzaranı daha da ağırlaşacaq. Yenə monopoliyalar, qeyri-qanuni maliyyə qrupları, konkret şəxslər bazara kobud müdaxilədə davam edərlər".
Xəbər verdiyimiz kimi, dünən "Binə" ticarət mərkəzində sahibkarlar dinc aksiya keçirərək obyektlərini bağlamışdı. Onlar gətirdikləri hər mala görə gömrükdə 36% haqq tələb edildiyini bildirərək, belə dərəbəyliyin heç Afrikada da olmadığını deyiblər.
Gömrük haqqından əlavə arenda pulu, bazar pulu və digər vergilər ödədiklərini deyən sahibkarlar son 1 ildir ki, ancaq ziyanla işlədiklərini, evə çörəkpulu apara bilmədiklərini deyiblər. Aksiyalarının dövlətə qarşı olmadığını söyləyən sahibkarlar, sadəcə normal yaşamaq istədiklərini qeyd ediblər.