BAKI, 18 yan-Sputnik. Son zamanlar ölkəmizdə insanların kitaba marağını artırmaq, kitabın təbliğatını aparmaq məqsədilə müxtəlif aksiyalar keçirilir. Bu aksiyalara fəal şəkildə qoşulanlardan biri də ASAN xidmətdir.
Sputnik-in əməkdaşı 3 saylı ASAN xidmət mərkəzinə baş çəkərək burada yaradılan böyük kitab güşəsi ilə tanış olub. Müxtəlif kitabların yer aldığı güşə səliqəliliyi və zənginliyi ilə seçilir. Güşədə Nizamidən tutmuş Cəlil Məmmədquluzadəyə qədər Azərbaycanın məşhur yazarlarının əsərlərinə, həmçinin Azərbaycan və rus dillərində yerli və xarici ədəbiyyat nümunələrinə rast gəlmək olar. Guşənin yanında təhvil-təslim kitabçası da diqqəti cəlb edir. Burada 2016-cı il yeni başlasa da, kifayət qədər oxucu adını siyahıda görmək olar.
Kitab guşəsi haqqında daha geniş məlumatları Sputnik-in əməkdaşına 3 saylı ASAN xidmət mərkəzinin direktoru Seymur Mövlayev verib:
"ASAN xidmət mərkəzində ideya bankı fəaliyyət göstərir. Və həmin banka müxtəlif ideyalar daxil olur və həmin ideyalar sonradan gerçəkləşdirilir. Belə ideyalardan biri də kitab guşəsinin yaradılması idi. Həm ASAN xidmət mərkəzlərində gənclərin işləməsi, həm ziyarətçilərin çox olması, həm də belə kitab guşəsinə marağın olması bu layihəni gerçəkləşdirməyimizə şərait yaratdı.
Layihə 1saylı ASAN xidmət mərkəzində başlayıb. Kifayət qədər maraq doğurduğuna görə, digər mərkəzlərdə də layihəni gerçəkləşdirdik: Vətəndaş gəlsin, hər hansı istifadə etmədiyi bir kitabı bu guşəyə qoysun və əvəzində oxumaq istədiyi kitabı aparıb oxusun. Bu layihənin bir müsbət cəhəti də odur ki, vətəndaş bir kitab gətirərək hər dəfə oxuduğu kitabı qoyub başqa kitab götürməklə çox sayda kitab oxuya bilər. 3 saylı ASAN xidmətdə bu layihə daha genişdir. Biz yerləşdiyimiz ərazi universitetlərə, Elmlər Akademiyasına və digər təhsil ocaqlarına yaxın olduğu üçün burada kitaba maraq digər yerlərə baxanda daha çoxdur. Bu səbəbdən də bizdə kitab guşəsi daha böyükdür və zəngindir. Hətta bizdə elə vətəndaşlar var ki, evlərində olan oxumadıqları kitabları gətirib təhvil verirlər ki, gənc nəsillər də yararlansın. Bunun özü gözəl təşəbbüsdür."
Seymur Mövlayev onu da qeyd edib ki, bu layihəni genişləndirmək üçün ASAN xidmət mərkəzinə məşhur şəxsləri də dəvət edirlər. Onlar kitab guşəsində fotoşəkillər çəkdirərək cəmiyyəti kitab oxumağa səsləyirlər.
Burada kitab bolluğu olduğundan, artıq kitab siyahısını elektron versiyada oxuculara təqdim edirlər ki, onlara kitab axtarışında problem yaranmasın və kitab siyahısı ilə daha rahat tanış ola bilsinlər.
"Hətta vətəndaş gəlib deyir ki, mənim 1-2 saat boş vaxtım var. Elə vətəndaşlara da hər hansı sənəd verərək əvəzində kitab götürüb oxumağa şərait yaradırıq. Bizim daimi oxucularımız da var. Onlar demək olar, bir neçə gündən bir gəlib yeni kitabların olub-olmadığı ilə maraqlanırlar. Bizim məqsədimiz insanları mütaliəyə səsləməkdir." — deyə ASAN xidmət mərkəzinin direktoru əlavə edib.