Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Azərbaycanlı hakimlərin səviyyəsi Rusiya hakimləri ilə eynidir"

Andrey Sobıyev hakimlik edərkən
Andrey Sobıyev hakimlik edərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Andrey Sobiyev: "Azərbaycan taekvandosunda olimpiya medalı olacağını düşünürəm. Yaxşı nəticə qazanmaq şansı çoxdur. İki medal qazanacağınızı gözləmək olar"

BAKI, 18 yan — Sputnik. O, Rusiya idman cameəsində kifayət qədər tanınmış simadır. Artıq onu Azərbaycanda da tanımağa başlayıblar. Çünki ölkəmizdə keçirilən idman yarışlarında dəfələrlə hakim qismində çıxış edib. Beləliklə, Sputnik əməkdaşı rusiyalı idman mütəxəssisi, taekvando üzrə beynəlxalq dərəcəli hakim, müəllim Andrey Sobiyevlə həmsöhbət olub.

- Bir az özünüz haqqında danışın. Necə oldu ki, taekvandoya gəldiniz?

— Əvvəldən karate ilə məşğul olurdum. O zaman taekvando Rusiyada yox idi. 1995-ci ildə oğlumu məşq etməsi üçün taekvando zalında gətirdim. Və beləliklə taekvando ilə ilk tanışlığım da məhz o zaman oldu. Beləliklə mən də taekvando ilə məşğul olmağa başladım. 1997-ci ildə Rusiya üzrə hakimlik imtahanı verdim və milli hakim adını aldım. Elə həmin zamanlardan məşqçiliyə də başladım. Uşaqlarla işləmək maraqlı və çətin idi. 2009-ci ildə Beynəlxalq hakimliyə imtahan verdim və Dünya Taekvandosunun beynəlxalq hakimi adını aldım. Demək olar, 16 ildən çoxdur ki, ölkədə keçirilən bir çox yarışları hakim kimi idarə etmişəm. Eyni zamanda xaricdə keçirilən yarışlarda hakim kimi ölkəmi təmsil etmişəm. Yəni, bacardığımız qədər işləyirik.

- Siz Rusiyada taekvando ilə ilk məşğul olan idmançılardansınız. Hal- hazırda Rusiyada taekvando idman növünün vəziyyəti necədir?

— Taekvando üzrə Rusiyadan 2016-cı il Rio-de-Janero olimpiadasına 3 idmançı lisenziya qazanıb. Düşünürəm, hələ bir lisenziya da qazanma şansımız var. Çünki keçən olimpiadada 4 idmançımız iştirak edib. Hətda 2 bürünc medal da qazanmışıq. Dördqat Avropa çempionumuz Maqamedov Seyfullanı da güclü idmançılar sırasında qeyd edə bilərəm. Bir sözlə, Rusiyada hal-hazırda taekvando yüksək səviyyədədir. Rusiyada taekvando məşhur idman növlərindən biridir.

- Sizin öz tələbələrinizdən kimsə dünya və ya Avropa çempionu olub?

— Beynəlxalq yarışlarda uğur qazanan ilk tələbəm Patimatdır.

- Artıq neçənci ildir, siz Azərbaycana Respublika yarışını idarə etməyə gəlirsiniz. Azərbaycanda keçirilən yarışlar haqqında fikirlərinizi bizimlə bölüşə bilərsiniz?

— Artıq 5-ci ildir ki, Azərbaycana gəlirəm və 2 dəfə keçirilən "Azərbaycan Open" beynəlxalq yarışda və Azərbaycan çempionatlarında hakim kimi çıxış etmişəm. İldən-ilə yarışların səviyyəsi yüksəlir. Taekvandoçular daha da güclü olur və bunu beynəlxalq yarışlarda qazanılan nəticələrdən də görmək olar. Dünya çempionatında, Bakı 2015 Avropa oyunlarında qazanılan nailiyyətlər, həmçinin dünya kubokuna qazanılan uğurlarınız buna bariz nümunədir. Əsas olimpiadadan medal qazanmaqdır. Mən bunu sizə arzulayıram.

- Rusiyadan bir çox güclü idmançılar başqa ölkələrə gedərək orada məşğul olub, həmin ölkələri təmsil edirlər. Buna münasibətiniz necədir?

- Mən buna çox yaxşı baxıram. "Əgər ağacı yaxşı torpağa basdırırsansa və o yaxşı bəhər verirsə, deməli hamı buna sevinməlidir". Mənim fikrimcə, bu, belə olmalıdır. Bu da sizin sualın cavabı.

- Deməli sizdə güclü idmançılar çoxdur?

— Ölkədə idmançılar arasında güclü rəqabət var. İkinci yerə çıxan idmançı yarışlara aparılmır və idmançı öz gücünü heç yerdə göstərə bilmir. Məcbur olur başqa ölkələrə gedərək orada özünü sınasın. Deyərdim, bu heç də pis alınmır və uğurlu nəticə verir.

- Necə düşünürsünüz, Azərbaycan bu il olimpiadada medal qazana biləcək? Konkret olaraq, kimlərdən medal gözləyirsiniz?

— Öncəliklə tələbəm Patimatın tezliklə lisenziya xarakterli yarışda qalib gəlməsini və lisenziya qazanmasını istəyirəm və buna ümid edirəm. Radik İsayev artıq iştirakını təmin edib. Bir qadın və bir kişi idmançının da uğur qazanaraq yarışlara vəsiqə qazanacağına inanıram. Olimpiada idmanın zirvəsidir. O yarışa qatılmaq, orda iştirak etməyin özü qələbədir. Düşünürəm, bu dəfə Azərbaycanın taekvandosunda olimpiya medalı olacaq. Həm beynəlxalq arenada idmançılar öz sözlərini deyə bilirlər, həm yaxşı məşqçi onlarla işləyir. Deməli yaxşı nəticə qazanmaq şansı çoxdur.
İki medal qazanacağınızı gözləmək olar.

Avro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı hakim Dünya Çempionatının seçmə mərhələsində

- Bir az da hakimlərdən danışaq. Azərbaycanın milli hakimlərinin səviyyəsi sizin fikrinizcə, necədir?

— Ölkə hakimlərinin səviyyəsi çox yüksəkdir. Demək olar, Rusiya ilə eynidir. Hətta neçə illərdir burada yarışlarda iştirak edirəm. Bu il yeni hakimlərin qatıldığını gördüm. Yeni olsalar da, əsl peşəkar kimi oyunları idarə edirdilər. Bu, sevindirici haldır. Mən onların oyunları idarə etməsini izlədim və təəccübləndim. Sizin hakimlər qaydaları öyrənir və çox gözəl, rahat şəkildə oyunları idarə edirlər. Bu yarışlar zamanı onların kobud və bağışlanmaz bir səhv etdiyini görmədim. Bu sevindirici haldır.

- Son olaraq oxuculara nə demək istərdiniz?

— Mən Azərbaycana gəlməyi çox sevirəm. Azərbaycanlıların qonaqpərvərliyini çox bəyənirəm. İnsanlarınız çox istiqanlıdır. Yarışdaxili hakimlərin bir-birinə isti münasibəti ürəkaçandır. Bir sözlə, Azərbaycanı sevirəm və bura sevərək gəlirəm. Hamıya can sağlığı və xoşbəxtlik arzulayıram.

Xəbər lenti
0