BAKI, 15 yan-Sputnik. Sosial şəbəkədə yayılmış məlumatlara görə, 2015-ci ildə Gürcüstanda 8.5 milyon kitab satılıb. Bu, kiçik bir ölkə üçün kifayət qədər böyük rəqəm sayıla bilər. Bəs 9 milyondan çox əhalisi olan Azərbaycanda necə, 2015-ci ildə təxminən nə qədər kitab satılıb? Azərbaycan xalqı hansı kitablara maraq göstərib?
İl ərzində Bakı şəhərinin müxtəlif yerlərində dəfələrlə kitab yarmarkası təşkil edən "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Sputnik-ə bildirib ki, keçən il "Qanun" nəşriyyatı 100 min kitab satıb.
"Bu il liderliyi Çingiz Abdullayev qoruyub. Yenə də onun kitabları daha çox satılan kitablar arasında birincidir." — deyən Xuduoğlu xarici yazarlardan ən çox Oşonun, Mumin Sekmanın və Mark Levinin kitablarının satıldığını bildirib.
Kitabevim.az saytının əməkdaşı Taryel Əliyev isə bildirib ki, 2015-ci ildə ən çox satılan kitablar arasında Azərbaycan yazarlarından Elxan Elatlının kitabları birinci yerdədir. Xarici yazarlardan isə Den Braun və Fyodor Dostoyevskinin kitabları ən çox satılanlar arasındadır.