BAKI, 29 dek-Sputnik. "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu ölkədə vəzifəli şəxslərin kitaba olan laqeyd münasibətinin səviyyəsindən təəssüflənib.
Sputnik-in məlumatına görə, Şahbaz Xuduoğlu öz facebook hesabında vəzifəli şəxslərə kitab göndərməsindən və ona verilən reaksiyadan bəhs edib:
"Keçən il Yeni il bayramı ilə əlaqədar 200 vəzifəli şəxsə və təşkilat rəhbərinə "Yüksək effektli insanların yeddi vərdişi" kitabını hədiyyə göndərdim. Kitaba bir məktub da əlavə etmişdim ki, bayramlarda kollektiv üzvlərinə kitab hədiyyə edin. Mən elə bilirdim həmin şəxslərin heç olmasa üçdən biri bu təklifi dəstəkləyəcək, az bir hissəsi isə kitab hədiyyəmə görə nəşriyyatımızın işini tərifləyəcəklər. Yaxud haradasa rəsmi dairələrdə o kitab haqqında danışacaqlar.
O məktubdan və kitab hədiyyəsindən bir il ötüb. Gözləntilərimin heç biri baş vermədi. Nə kitaba görə təşəkkür etdilər, nə kitab aldılar, nə də kitab oxudular".