CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Camaatın "paket"ini necə kəsirlər?

Rəqəmsal texnologiyalar
Rəqəmsal texnologiyalar - Sputnik Azərbaycan
Abunə olmaq
Kabel televiziyalarının göstərdiyi xidmətlərin qiymətləri qalxdıqca, keyfiyyəti aşağı düşür. Üstəlik müştərilərin operatorlara etimadı aradan qalxır.

BAKI, 15 yan-Sputnik. Azərbaycanda kabel televiziya və internet yayımı ilə məşğul olan operatorların müştəriləri narazı salan addımlarına son günlər daha çox rast gəlinir. Bunlardan biri, əlbəttə ki, manatın devalvasiyası ilə bağlı qiymətlərdə baş verən artımdır. Məsələn, KATV-1 şirkəti 1-ci devalvasiya dalğasından sonra televiziya+internet paket xidməti üçün ən aşağı hədd olaraq 22 manat nəzərdə tuturdu. Sonra bu 23 manata qaldırıldı. Bu ilin yanvarın əvvəlindən isə, KATV-1 sözügedən paketin qiymətini 28 manata qaldırdığını bəyan edib.

KATV-1-dən Sputnik-ə xidmət haqqının bahalaşmasını belə izah ediblər: "Əslində bunu bahalaşma, qiymət artımı adlandırmaq düzgün deyil. Əvvəllər şirkət internet+televiziya kanallarından birlikdə istifadə edən abonentlərə endirim edirdisə, indi bu endirim aradan qaldırılıb. Yeni tariflərə görə, kanallar üçün 10 manat, internet xidməti üçün 18 manat tələb olunur".

Şirkətin əməkdaşları endirimin aradan qaldırılmasının nə ilə bağlı olduğuna dəqiq aydınlıq gətirməyiblər. "Bizə rəhbərlikdən bu barədə hər hansı izahat verilməyib. Sadəcə xəbərdar edilib ki, ödənişlər bu tariflərlə qəbul edilsin. Ola bilsin ki, bu, manatın devalvasiyası ilə bağlı ölkə üzrə bütün xidmətlərin qaldırılması ilə əlaqədar olsun" — deyə operator bildirib.

Operatorlar müştərilərini aldadırlar

KATV-1 istifadəçiləri istər müvafiq müqavilə bağlanarkən, istərsə də ondan sonra şirkətin abonentlərə endirim barədə heç bir məlumat vermədiyini bildiriblər. "Əvvəllər sadəcə xidmətin qiymətini bildirmişdilər. Sonra şirkət qiymətləri qaldıranda, birdən-birə elan etdi ki, guya qiymətləri qaldırmır, sadəcə endirimi ləğv edir. Bu bəhanə ilə şirkət faktiki olaraq xidmət haqqını təxminən 20 faiz qaldırıb" — deyə KATV-1-in istifadəçisi İlkin Həsənov bildirib.

Sputnik-in araşdırması zamanı məlum olub ki, ümumilikdə kabel yayımı xidməti göstərən bütün operatorlar müştərilərini aldadırlar. Əvvəla onlar müqavilə öhdəliklərindən qarşı tərəfi xəbərdar etmədən imtina edirlər.

"Hər fürsətdə əsassız olaraq qiyməti qaldırırlar. Müqavilədən əvvəl təqdim etdikləri paketdə göstərilən telekanalları, sonradan öz istədikləri kimi dəyişirlər. Əvvəl müştəriyə yaxşı kanallardan ibarət paketi təqdim edirlər. Bir müddət keçəndən sonra həmin kanalların yayımı dayandırılır. Əvəzində müştəriyə lazım olmayan kanallar yayıma əlavə edilir. Kanalların say tərkibi də tez-tez dəyişdirilir. Bundan əlavə, internet sürətləri müqavilədə göstəriləndən xeyli aşağı olur. Müqavilədə pulsuz texniki xidmətdən söhbət getsə də, televiziya yayımında keyfiyyət problemi olanda, yaxud internet kəsiləndə, pis işləyəndə, müştərinin kabel operatorun çağrı mərkəzinə zəng edib düşməsi mümkün olmur", —deyə kabel istifadəçisi Ramiz Əliyev Sputnik-ə bildirib.

Onun sözlərinə görə, dəfələrlə olub ki, gecə vaxtı qəfil internet kəsilib, yaxud hansısa kanalın yayımında problem meydana çıxıb: "Zəng edib operatora düşə bilməmişik, yaxud da heç kəs cavab verməyib. Beləcə, texniki dəstəkdən məhrum olmuşuq, internetlə bağlı işlərimiz yarımçıq qalıb. Xidmət haqqlarını gecikmədən tələb edən operatorlar əslində keyfiyyətli xidmətə də diqqət yetirməli, istehlakçıları aldatmamalıdırlar".

Yenə monopoliya problemi

Bu sahədə şikayətlərdən biri də, kabel yayımı sahəsindəki monopoliyalarla bağlıdır. "Sanki kabel televiziyaları, internet provayderlər öz aralarında bölüşdürüblər ki, kim şəhərin harasında yayım məsələsinə baxacaq. Bizim istifadəçi kimi seçim imkanımız olmalıdır. Bir operatorun göstərdiyi xidmət xoşumuza gəlməyəndə başqasına müraciət etmək seçimimiz olmalıdır. Təəssüf ki, bizim ölkədə bütün sahələrdə olduğu kimi, bu sahə də inhisarların nəzarətindədir" — deyə Nəsimi rayonu ərazisində yaşayan kabel istifadəçisi Adil Əliyev bildirib.

"Qiymətləri qaldırmaları üçün heç bir əsas yoxdur"

Kabel operatorları ilə bağlı yaranmış vəziyyəti Sputnik-ə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şərh edib: "Bəzi provayderlər, kabel operatorları həm qiymətlərlə, həm paketlərlə bağlı əvvəllər təklif etdiklərini müqavilə bağlandıqdan sonra qeyd-şərtsiz olaraq dəyişdirirlər. Və sonda bununla bağlı anonslar verirlər. Bu, kifayət qədər yolverilməzdir".

"Həm qanunvericiliyə görə, həm istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bütün mövcud formalar tələb edir ki, operatorlar ən azı qabaqcadan müqavilə bağladıqları müştərilərə yeni tətbiq edəcəkləri qiymətlər və kanallardakı dəyişikliklərlə bağlı bildirməlidirlər. Ona görə də, bu paketlərin, qiymətlərin vaxtı çatmadan, istifadəçiyə bildirmədən dayandırılması və ona əlavə şərtlər irəli sürməsi yolverilməzdir", — ekspert deyib.

Osman Gündüz deyib ki, hal-hazırda operatorlar və provayderlər üçün qiymət artımına da hər hansı əsas yoxdur: "Onların əsas internet aldığı şirkət Delta Telecomdur. Delta Telecom da bəyan edib ki, "biz qiymətləri artırmırıq". Yəni interneti topdan satan şirkət budur. Bu deyir ki, "qiymətləri artırmıram və artırmaq fikrim də yoxdur". Onda ayrı-ayrı operatorların qiymət artırması əsassızdır. Bu məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır. Əgər hansısa əlavə xidmət etsələr, imkanları genişləndirsələr, qiymət artımı ola bilər. Amma mövcud infrastruktur qalır, topdan satış qiyməti də artırmayıb. Bəs onda qiymət artımı zərurəti hardan yaranıb?".

© Photo : Courtesy of Osman GunduzOsman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti - Sputnik Azərbaycan
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

Bakı rayonlarının və ayrı-ayrı regionların kabel operatorları arasında bölüşdürüldüyünü və bununla da sözügedən sahəldə inhisarçılığın yarandığını vurğulayan Gündüz deyib: "Düşünürəm ki, bizdə bu sahədəki azad rəqabət yetərli deyil. Burada sanki razılaşdırılmış bir fəaliyyət, razılaşdırılmış bir rəqabət var. Bu isə düzgün deyil. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) yeni rəhbərlik gəlib, islahatlara başlayıb. Eyni zamanda kabel operatorlarının lisenziyalaşdırılmasına Milli Teleradio Şurası (MTRŞ) nəzarət edir. Bu iki qurum hazırkı situasiyada rəqabət üçün münbit şərait yaratmalıdır. Onlar hesabat verməlidirlər ki, nə qədər mobil operatora lisenziya veriblər, amma onlardan sadəcə 3-4-ü fəaliyyət göstərir, bəs qalanları haradadırlar? Əgər fəaliyyət göstərmirlərsə, onların lisenziyası geri alınmalıdır. Yaxud RYTN və MTRŞ monitorinq aparmalıdır ki, nə üçün onlar müəyyən yerlərdə fəaliyyət göstərmirlər?. Onda məlum olacaq ki, burada başqa birisi var və yeni operatorun bazara girməsinə mane olur. RYTN və MTRŞ-nın bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin iştirakı ilə birgə monitorinqlər keçirməsi effektiv olardı. Həm keyfiyyətlə bağlı, həm qiymət artımı ilə bağlı, həm də yayım əraziləri ilə bağlı".

"Çağrı mərkəzlərinə zəng edib düşmək olmur"

Gündüzün sözlərinə görə, internet kəsildiyi vaxt, sürət problemi yarananda, yaxud TV yayımında problemlər olanda müştəri istəyir ki, əlaqə yaradıb texniki dəstək alsın. Amma onların müştəri xidmətlərinə, çağrı mərkəzlərinə zəng edib düşmək olmur. Yaxud da on-line müraciətlərinə operativ reaksiya verilmir: "Bu əlbəttə ki, xidmətin keyfiyyəti ilə bağlıdır. O xidmət keyfiyyətli sayılır ki, onun 24 saat ərzində işlək qaynar xətti və texniki dəstəyi olsun. Əgər bu xidmət keyfiyyətsizdirsə, onda müştəri nə edə bilər? İstehlakçıların hüquqları ilə bağlı qanun var.

İnternet - Sputnik Azərbaycan
"Delta-Telecom" internetin qiymətlərini qaldıracağını bəyan etdi

"Qanunda yazılıb ki, istehlakçıya müqavilədə göstərilən xidmət keyfiyyətli şəkildə göstərilməlidir. Əgər bu göstərilmirsə, istehlakçı birinci aidiyyatı qurumlara müraciət edə bilər. İlk olaraq, RYTN-nə və MTRŞ-yə. Eyni zamanda məhkəməyə müraciət edə bilər", —deyə ekspert bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətsiz bir qurumu var: "Mən bir dəfə görməmişəm ki, bu qurum rəqəmsal sektorda, internet, telekommunikasiya sektorunda hansısa istehlakçının hüququnu nüdafiə eləsin. Düzdür, o qurumun bir az marketlərlə bağlı fəaliyyəti görünür. Amma operatorlarla, provayderlərlə bağlı fəaliyyəti görünmür. Bu qurumun sözügedən sahədə fəaliyyətinin canlandırılması, tədqiqat aparması, sənədləri qaldırıb baxması, tədbirlər görməsi yaxşı olardı".

"Kimin hüququ pozulursa, bizə müraciət estin"

İqtisadiyyat Nazirliyinin (əvvəlki adıyla İqtisadiyyat və Sənaye Nazirliyi) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Sputnik-ə açıqlamasında deyib ki, kabel operatorların, provayderlərin müştərilərə təklif etdikləri xidmətləri xəbərdarlıqsız, yaxud da müqavilədən kənar şəkildə dəyişdirilməsi ilə bağlı müraciətləri Nazirliyin nəzdində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) araşdırır: "İstehlakçılar, o cümlədən də kabel operatorların və internet provayderlərin xidmətindən istafadə zamanı hüquqları pozulan hər bir vətəndaş, ASİHMDX-nın çağrı mərkəzinə müraciət edə bilər. Bu çağrı mərkəzi istehlakçıların şikayətlərini rəsmən qeydə alır və 30 iş günü müddətində bu müraciətləri araşdırır".

© FlickrAbbas Əliyev, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Abbas Əliyev, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri - Sputnik Azərbaycan
Abbas Əliyev, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri

"Əgər isteklakçı hüququnun pozulması faktı təsdiqini tapırsa, bu hüququ pozan hüquqi və ya fiziki şəxsə xəbərdarlıq edilir, pozuntunun qarşısı alınır. Əgər hər hansı hüquq pozuntu qeydə alınmırsa, yaxud da xidmət müəssisəsi bu problemi həll etməkdən imtina edirsə, onda ASİHMDX müvafiq tədbirləri görür. Əgər burada məhkəmə araşdırması tələb olunursa, onda da hüququ pozulan şəxs məhkəməyə müraciət edə bilər. Münaqişə məhkəmə qaydasında, qanunvericiliyin tələbinə uyğun şəkildə həllini tapa bilər", A.Əliyev bildirib.

A.Əliyev həmçinin deyib ki, ASİHMDX-nin çağrı mərkəzindən başqa Nazirliyin "Facebook" səhifəsi də var: "Ora edilən müraciətlər operativ şəkildə araşdırılır. Nazirliyin videomüraciət imkanları da var".

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, kabel televiziyaları, internet xidmətləri ilə bağlı müştəri hüquqlarının pozulmasına görə ASİHMDX-ya dəfələrlə müraciətlər edilib və bu, araşdırılıb: "Vətəndaşların məhkəmələrə, bu sahə ilə əlaqədar olan dövlət qurumlarına müraciət etmək hüququ da var və bundan istifadə edilməlidir".

"Heç bir inhisarçılıq yoxdur"

Milli Tеlеviziyа və Rаdiо Şurаsı Aparatının rəhbəri Toğrul Məmmədov isə məsələ ilə bağlı Sputnik-ə açıqlamasında deyib ki, kabel operatorları televiziya yayımının qiymətlərini qaldırmayıblar. Qiymətlərlə bağlı dəyişiklik kabel yayımı ilə məşğul olan operatorların internet xidmətlərinə aiddir. Onlar da bu sahədə qiymətin dəyişməsini xidmətin genişləndirilməsi ilə əlaqələndirirlər. 

Kabel televiziyalarının müştərilərə təklif etdikləri paketə daxil olan kanalları sonradan dəyişmələrini şərh edən T.Məmmədov deyib ki, bu məsələlərin tənzimlənməsi üçün MTRŞ-nin və bu sahə ilə əlaqədar müvafiq qurumların birgə təşəbbüsü ilə hazınlanmış "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsində müvafiq maddələr nəzərdə tutulub. Lakin o qanun qəbul olunana qədər müştərilər operatorlarla müqavilə bağlayarkən, oradakı şərtlərə diqqət yetirməlidirlər.

© Photo : APAMilli Televiziya və Radio Şurası
Milli Televiziya və Radio Şurası - Sputnik Azərbaycan
Milli Televiziya və Radio Şurası

T.Məmmədovun sözlərinə görə, Azərbaycan Kabel Operatorları Assosiasiyasına daxil olan kabel televiziyaları televiziya yayımı üçün aylıq ödənişi 10 manat olaraq müəyyənləşdiriblər. Və bu qiymət dəyişmədən qalıb.

"Hazırda Azərbaycanda kabel istifadəçiləri üçün geniş seçim imkanları var. Onlar kabel operatorların təqdim etdiyi paketlərlə tanış olandan sonra onların istəyinə uyğun kanallardan ibarət paketləri təqdim edən operatoru seçə bilərlər. Onlar müqaviləyə bu barədə şərtlərini əlavə edə bilərlər ki, operator sonradan kanalları istədiyi kimi dəyişdirməsin", deyən T.Məmmədov bu problemlərin müvafiq qanunun qəbulundan sonra qanunla da tənzimlənəcəyini deyib.

Aparat rəhbəri kabel yayımı sahəsində inhisarların olduğu barədə iddialarla razılaşmadığını bildirib. Əlavə edib ki, hazırda bu sahədə xeyli operator fəaliyyət göstərir və heç kəs başqasının fəaliyyətinə müdaxilə etmir. T.Məmmədov kabel istifadəçilərinə məsləhət görüb ki, hansısa müqavilə pozuntuları olduqda, yayımın keyfiyyətində problem olduqda o operatorlardan imtina edə, onlarla bağlı məhkəməyə müraciət edə bilərlər.

"Hazırda Azərbaycanda xeyli kabel operatoru fəaliyyət göstərir və seçim imkanı genişdir. Onların arasında rəqabət mövcuddur. Əgər müştərilərini itirmək istəmirlərsə, rəqabətə davam gətirməkdə maraqlıdırlarsa, həm qiymətlərə, həm də keyfiyyətli xidmətə diqqət etməlidirlər", — deyə MTRŞ rəsmisi əlavə edib.

Xəbər lenti
0