Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir ki, Siyəzəndə hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb. Məlumatdan o da məlum olub ki, adı çəkilən şəhər və rayonlarda törədilmiş əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib.
Bununla bağlı Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəklili Araz Əlizadə Sputnik-in suallarını cavablandırıb.
- Araz müəllim, regionlarda baş verən narazılıqları nə ilə izah etmək olar?
— Bir tərəfdən xalqın iqtisadi vəziyyəti o qədər də yaxşı deyil. Bu obyektiv səbəbidir. Subyektiv səbəb isə ondan ibarətdir ki, Azərbaycanda qeyri- sabitlik yaratmaq istəyən müəyyən qüvvələr var. Bu zaman bizdə olan bəzi monopilst biznesmenlər də bunun üçün şərait yaradırlar. Xaricdən də buna təsir edən qüvvələr var. Xaricdən bunun üçün maliyyə gəlir və nəticədə də belə hadisələr baş verir. Hər birimiz başa düşməliyik ki, biz azərbaycanlıyıq və Azərbaycan da bizim vətənimizdir. Bu qədər acgözlüklə öz xalqımızı qarət etməməliyik. Cənab Prezident əlindən gələni edir ki, vəziyyəti sabitləşdirsin, lakin acgöz biznesmenlərimiz sakit olmurlar ki, olmurlar. Bütün dünyanı bürümüş iqtisadi böhrandan istifadə eləyib daha da varlanmaq istəyirlər.
- Bəzi rayonlarda un məhsullarının qiymətinin bahalandığı deyilir, Dövlət Taxıl Fondu isə ölkədə un və un məhsulları qıtlığının olmadığını bildirib. Sizcə, belə olan halda problem haradan qaynaqlanır?
— Biznesmenlərin acgözlüyündən. Bu il biz yaxşı məhsul götürmüşük. Özümüz özümüzü təmin edə bilirik. Bundan başqa uzun müddətli kontraktlar var ki, onun əsasında da xaricdən taxıl məhsulları alırıq. Taxıl məhsullarının anbarını və s. Fövqaladə Hallar Nazirliyi idarə edir. Orada lazım olandan da artıq taxıl məhsulları var. Dəyirmanlar da özümüzünküdür. İndi sual olunur ki, nə üçün manatın dollara nisbətdə devalvasiyası nəticəsində unun qiyməti qalxmalıdır? Taxıl özümüzün, dəyirman özümüzünküdür, bu, bir neçə gündə taxıl heç yerə gedib qayıtmayıb. Qiymətlər artıbsa bu möhtəkirlikdir. Möhtəkirliyə görə isə mütləq insanlar cəzaların almalıdırlar. Amma, bilmirəm bu cür vəziyyətdən istifadə edib xalqın son qəpiyini də oğurlanmaq istəyənlərə insan demək olar ya olmaz.
- Regionlarda baş verən hadisələrdə müxalifətin nə dərəcədə rolu var?
— Mən bu haqda dəqiq fikir söyləyə bilmərəm. Bunun qiymətini hüquq mühafizə orqanları verməlidir. Amma, mən bilirəm ki, xaricdən Azərbaycandakı vəziyyəti qeyri-stabil etmək istəyən buna görə də Azərbaycanın daxilində olub özünü müxalifət adlandıran əslində isə xalqın düşməni olan insanlara maliyyə yardımı gəlir.
- Bəs, siz problemin həllini nədə görürsüz?
— Əgər möhtəkirlik faktları aşkar edilirsə həmin şəxslərin əmlakı müsadirə olunmalıdır. Çünki, onlar xalqın düşmənidirlər.