"2015-ci il ümumiyyətlə nəqliyyatın intelektual idarəetməsi üçün uğurlu il oldu. Çünki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) daha fəal işləməyə başladı. Təxminən il ərzində Nəqliyyat Nazirliyinin qurumlarına 70-ə yaxın təklif göndərilib ki, onun da demək olar ki, 30-a yaxını icra olunub və icra olunmaqda olanları da var. Yəqin ki, 2016-cı il üçün yeni planlar olacaq. Bununla bağlı da ictimaiyyətə ətraflı məlumatlar təqdim olunacaq".
Bunu bu gün "Sputnik" Beynəlxalq Mətbuat mərkəzində "Bakının nəqliyyat problemlərinin həllində 2015-ci ildə bu sahədə qəbul edilmiş yeni qərarların rolu və onların 2016-cı ildə həyata keçirilmə perspektivləri" mövzusunda keçirilən mətbuat konfransında NİİM-in İctimaiyyətlə əlaqələr üzrə meneceri Şəfa Mehmanqızı deyib.
Sputnik xəbər verir ki, tədbirdə iştirak edən "Həyat" Beynəlxalq humanitar təşkilatının sədri Azər Allahverənov bildirib ki, nəqliyyat sektorunun inkişafı Azərbaycan iqtisadiyyatı üçün xüsusi önəm kəsb edir: "Nəqliyyat sektoru dinamik inkişaf edən bir sektordur. Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb eləyən sahələrdən biri hesab olunur. Bildiyiniz kimi, neftin qiymətinin aşağı düşməsi və gəlirlərin azalması, eləcə də, bir sıra ölkələrdə iqtisadi sahədə böhranın baş verməsi istər-istəməz Azərbaycana da toxunub. Belə bir vəziyyətdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə gəlirlərin əldə olunması istənilən dövlət üçün mühüm əhəmiyyət kəsb eləyən məsələdir".
"Qeyri-neft sektoru dedikdə nəqliyyat sektoru, xüsusilə də, yük və sərnişin daşımalar nəzərdə durur. Gündəmdə olan məsələr odur ki, nəqliyyat sektorunu elə inkişaf etdirilsin ki, qeyri-neft sektorunun bir hissəsi kimi ölkə büdcəsinə əlavə gəlirlərin gətirilməsinə nail olsun", —ekspert qeyd edib.
2015-ci il həm də bəzi marşrut xəttlərinin dəyişdirilməsi ilə yadda qaldı. Bir çox sərnişinlər bu qərardan narazı qaldılar. Ş. Mehmanqızının sözlərinə görə, əhalinin bu qərardan narazı qalması başa düşüləndir: "Bir neçə marşrut xəttləri dəyişdirildi. Bəziləri ləğv olundu, bəziləri isə yeni nömrə ilə əvəz olundu".
"Qəsəbə və kəndlərdən gələn əhalinin narazılığı başa düşüləndir. Onlar əvvəl bir və ya iki marşrut dəyişməklə şəhər mərkəzinə gəlib çata bilirdilərsə, indi iki və ya üç marşrut dəyişirlər. Bu da, təbii ki, maddi cəhətdən heç kimə sərf etmir. Amma kənd-qəsəbəyə işləyən avtobusların hamısının mərkəzə gəlməsi və mərkəzdə də iri tutumlu avtobusların olması nəqliyyatın hərəkətini iflic edir", —NİİM sözçüsü vurğulayıb.
Onun sözlərinə indiyədək şikayətlər olurdu: "Hər kəs istəyir ki, evinin qarşısında dayanacaq olsun və oradan istədiyi məkana bir avtobusla gedə bilsin. Lakin bu, şəxsi istəklər üzərində qurulmur, ümumi nəticə və fikirlər nəzərə alınaraq müəyyənləşdirilir".
Ekspertlər eləcə də bildiriblər ki, bu ildən Bakı Beynəlxalq avtovağzalından biletləri internet vasitəsilə də almaq mümkün olacaq. Bu addım bəzi işbazlara əhalidən artıq pul almağa mane olacaq. Gələcəkdə bu təcrübənin digər şəhər və rayonlarda da tətbiqi gözlənilir.