BAKI, 20 okt — Sputnik. İctimai nəqliyyat sürücülərinin yaş həddi qaldırıldı.
Sputnik xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik müzakirə edildi.
Qanunla əgər indiyədək 19 yaşı olan şəxsə taksi sürücüsü olmağa icazə verilirdisə, edilən dəyişikliyə əsasən bu yaş həddi 21-dək qaldırılır.
“Yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən” şəxslərə taksiləri idarə etmək hüququ verilir.
Qanuna edilən digər dəyişikliyə əsasən isə taksi sürücüsü və ictimai nəqliyyat vasitəsini idarə edən şəxsə etik davranışlarla bağlı xüsusu hazırlıq kursunun keçirilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı millət vəkili Musa Quliyev taksi sürücülərinə vahid geyimin verilməsi və rayon qeydiyyatında olan maşınlarla bağlı təklif verdi.
Onun sözlərinə görə, bu gün rayon qeydiyyatında olan taksilərə Bakıya gəlməsi üçün icazə verilməli, ümumiyyətlə rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin paytaxta gəlişi ilə bağlı qərara Nazirlər Kabineti yenidən baxmalıdır.
Məsələ ilə bağlı çıxış edən millət vəkilləri taksi sürücülərinin davranış qaydalarına ciddi riayət etməyi və taksometrin quraşdırılmasını vacib saydılar.
Millət vəkilləri həmçinin siqaret çəkməklə bağlı müəyyən qadağalar qoyulmasını təklif etdilər.