BAKI, 13 yan — Sputnik. "İstanbuldakı terror aktının törədilmə tərzi göstərir ki, hadisənin arxasında İŞİD və ona yaxın qruplaşmalar dayanır. Çünki canlı bomba üsullarından məhz onlar istifadə edir".
Bunu Türkiyənin İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl Sputnik-ə açıqlamasında deyib. Politoloq, PKK terror təşkilatının indiyə qədər xarici turistləri hədəf almadığını, ona görə də bu versiyanın inandırıcı görsənmədiyini deyib.
"Türkiyə prezidenti də hadisədən sonrakı açıqlamasında İŞİD-ə işarə etmişdi. Hər kəs bilir ki, bu cür terror hadisələrinin dəsti-xətti İŞİD-ə aiddir", —deyə politoloq bildirib.
Toğrul İsmayıl Türkiyənin olduqca həssas regionda yerləşdiyini qeyd edib: "Türkiyənin həmsərhəd olduğu Suriya və İraqda xaos hökm sürür. Bir yandan İŞİD problemi, digər yandan da daxildə separatçı PKK terrorçuları ilə mübarizə Türkiyəni bu terror təşkilatlarının hədəfinə çevirib. Əfsuslar olsun ki, bu bəladan yüz faizlik qurtulmaq, haradasa imkansızdır".